Dağ-mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək - Eyyub Kərimli

  • “Azərbaycanın ixrac imkanları və istehsal potensialı güclənəcək”

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və ölkənin təbii sərvətlərindən daha səmərəli istifadə olunması istiqamətində dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Zəngin mineral ehtiyatlara malik olan Azərbaycanın bu sahədə mövcud potensialının tam reallaşdırılması yeni istehsal imkanlarının yaradılması, investisiyaların cəlb edilməsi, məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Bu istiqamətdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması sahənin qarşısında duran problemlərin aradan qaldırılması və mövcud imkanların daha səmərəli şəkildə dəyərləndirilməsi baxımından diqqət çəkir. Proqramın müzakirəsinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin uzun illər lazımi səviyyədə inkişaf etməməsinin səbəblərinə toxunub. Dövlət başçısı bu sahənin inkişafına təsir edən həm obyektiv, həm də subyektiv amilləri qeyd edib və Azərbaycanın mineral ehtiyatlarından istifadənin genişləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə uzun illər işğal altında olmuş ərazilərdə yerləşən yataqların istismar imkanlarının məhdudlaşdırılması və həmin ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı da dağ-mədən sənayesinin inkişafına təsir edən amillər sırasında göstərilib.

İqtisadçı Eyyub Kərimli Sherg.az-a bildirib ki, dağ-mədən sənayesinin inkişafı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına ciddi təsir göstərəcək:

“Belə ki, bu sənayenin inkişafı həm də emal sənayesinin inkişafına, digər tərəfdən ixrac imkanlarının artmasına səbəb olacaq. Bu da öz növbəsində həm məşğulluğun artırılması, həm ölkənin ümumi daxili məhsulunda dağ-mədən sənayesinin payının artmasına səbəb ola bilər, təsir edə bilər və bu da ölkə iqtisadiyyatının dayanıqlığını və qeyri-neft sektorunun inkişafını təmin etmiş olar. Digər tərəfdən, sözsüz ki, ölkəmizin uzun illər işğal altında olması, ölkənin mineral ehtiyatlarının talanması ilə müşahidə olunub. Biz bunu təkcə mineral ehtiyatlarının daşınması deyil, həm də ondan irəli gələn ixrac imkanlarının və istehsal imkanlarının dəymiş zərər kimi də qiymətləndirə bilirik. Bu da, əlbəttə ki, bu sahənin inkişafı həm də ölkəyə yeni investisiya axını, xarici investisiya axınına da öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, hesab edirəm ki, bu sahənin inkişaf etdirilməsi ölkənin dayanıqlı iqtisadi inkişafını ciddi təmin etmiş olacaqdır. Həmçinin ölkəmizdə digər istehsal sahələrinin inkişafına ciddi təkan verəcək, yeni iş yerlərinin açılması, regionların inkişafı, ölkənin ixrac potensialının güclənməsinə öz müsbət təsirlərini göstərə bilər”.