2026-cı ilin məhsulu üçün payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 614,6 min hektara çataraq əvvəlki illə müqayisədə 1,7% artıb. Əkin sahələrinin böyük hissəsini dənli və dənli-paxlalı bitkilər təşkil edir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, əkin sahələrinin genişlənməsi kənd təsərrüfatı istehsalına və ərzaq qiymətlərinə təsir göstərə bilər.
Ekspert bildirib ki, əkin sahələrinin 1,7% artaraq 1 milyon 614,6 min hektara çatması kənd təsərrüfatı istehsalı üçün müsbət göstəricidir. Lakin əkin sahəsinin genişlənməsi avtomatik olaraq məhsul istehsalının da eyni nisbətdə artacağı anlamına gəlmir. Burada əsas məsələ hər hektardan əldə olunan məhsuldarlıqdır.
Onun sözlərinə görə, su təminatı, toxumun keyfiyyəti, gübrə və pestisidlərdən istifadə, texnika, hava şəraiti və aqrotexniki tədbirlər yaxşılaşarsa, eyni sahədən daha çox məhsul götürmək mümkündür.
A.Nəsirli qeyd edib ki, dənli və dənli-paxlalı bitkilərin payının yüksək olması xüsusilə ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Yerli taxıl istehsalının artması un və çörək istehsalında daxili xammal bazasını genişləndirə, idxaldan asılılığı müəyyən qədər azalda və dünya bazarında qiymət artımlarının Azərbaycana təsirini zəiflədə bilər.
Lakin ekspert vurğulayıb ki, çörəyin qiymətini yalnız taxılın qiyməti müəyyən etmir. Taxılın istehsalından üyüdülməsinə, unun daşınmasına, enerji və əmək xərclərinə qədər bütün zəncir qiymətə təsir edir.
“Əkin sahələrinin artması gələcəkdə ərzaq qiymətlərinin aşağı düşməsinə müəyyən şərait yarada bilər, amma bundan “əkin 1,7 faiz artıb, deməli çörək və ərzaq 1,7 faiz ucuzlaşacaq” nəticəsini çıxarmaq olmaz”, – deyə o bildirib.
Onun sözlərinə görə, məhsuldarlıq yüksək olarsa və bazara əlavə məhsul daxil olarsa, təklif artdığı üçün qiymətlərə aşağı istiqamətli təzyiq yarana bilər. Əksinə, məhsuldarlıq zəif olsa, əkin sahəsinin genişlənməsi ciddi qiymət effekti yaratmaya bilər.
A.Nəsirli bildirib ki, tərəvəz və digər məhsullarda da vəziyyət eynidir. Qiymətin aşağı düşməsi üçün təkcə daha çox əkin aparmaq kifayət etmir. Məhsulun yığılmasından sonra itkilərin azaldılması, soyuducu anbarların və emal müəssisələrinin olması, fermerin məhsulu bazara çıxara bilməsi və vasitəçi zəncirinin səmərəli qurulması vacibdir.
Ekspert qeyd edib ki, Azərbaycanda bəzi hallarda məhsul tarlada ucuz olduğu halda şəhər bazarında xeyli baha satılır. Bu fərq istehsaldan sonrakı logistika və ticarət xərclərinin qiymətə ciddi təsir etdiyini göstərir.
Onun sözlərinə görə, ərzaq qiymətlərinə əkin sahəsindən başqa suvarma imkanları, yanacaq və elektrik enerjisinin qiyməti, gübrə və toxum xərcləri, kənd təsərrüfatı texnikasının qiyməti, əməkhaqqı, kredit faizləri, logistika və anbar xərcləri, idxal qiymətləri və valyuta məzənnəsi də təsir edir.
“Xüsusilə Azərbaycan kimi bir sıra ərzaq və kənd təsərrüfatı xammalı üzrə idxaldan istifadə edən ölkələrdə dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara da keçə bilir”, – deyə ekspert vurğulayıb.
A.Nəsirli əlavə edib ki, hava şəraiti də çox ciddi amildir. Quraqlıq, yüksək temperatur, şaxta, dolu və sel kimi hadisələr əkin sahəsi dəyişməsə belə məhsuldarlığı kəskin azalda bilər. Su qıtlığının artdığı şəraitdə isə sadəcə əkin sahələrini genişləndirmək əksinə, mövcud resurslara təzyiq yarada bilər.
Ekspertin sözlərinə görə, ən mühüm məsələ fermerin istehsal etdiyi məhsulun maya dəyəridir. Əgər fermer bir ton buğdanı əvvəlkindən daha baha istehsal edirsə, əkin sahəsinin genişlənməsi bazara əlavə məhsul gətirsə belə, unun qiymətində böyük ucuzlaşma yaratmaya bilər.
Buna görə ərzaq qiymətlərini aşağı salmaq üçün əsas hədəf yalnız əkin sahələrini artırmaq yox, hektardan məhsuldarlığı yüksəltmək və məhsulun tarladan istehlakçıya qədər keçdiyi bütün zəncirdə xərcləri azaltmaq olmalıdır.