Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması baxımından yüksək riskli ölkələr siyahısına daxil etməsi barədə qərarından sonra bir sıra ölkələrin bankları Rusiya ilə bağlı maliyyə əməliyyatlarına nəzarəti gücləndirməyə başlayıb.

Sherg.az xəbər verir ki, Ermənistan, Serbiya, Tacikistan və Qazaxıstandakı banklar Rusiya ilə əlaqəli müştərilərə yönəlik maliyyə əməliyyatlarını sərtləşdirir.

Xüsusilə Ermənistandakı banklar yaşayış icazəsi və ya ikinci vətəndaşlığı olmayan Rusiya vətəndaşlarının dollar və avro ilə xaricə pul köçürmələrini qəbul etmir. Bank rəsmiləri bildirirlər ki, bu tədbirlər birbaşa qadağa ilə bağlı deyil, ABŞ və Avropa İttifaqının çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində tələb etdiyi əlavə nəzarət mexanizmlərindən irəli gəlir.

Oxşar vəziyyət Mərkəzi Asiya ölkələrində də müşahidə olunur. Buradakı banklar ABŞ və Avropa valyutaları ilə aparılan əməliyyatlarda geri qaytarma və imtina hallarını artırıb. Mütəxəssislərin fikrincə, Avropa İttifaqının müvafiq qərarı hələ rəsmi olaraq qüvvəyə minməsə də, maliyyə qurumları mümkün sanksiyalara hazırlaşmaq məqsədilə qabaqlayıcı addımlar atırlar.

Qeyd olunur ki, yeni və daha sərt nəzarət mexanizmləri təkcə fiziki şəxsləri deyil, Rusiya ilə hər hansı əlaqəsi olan şirkətləri də əhatə edir. Maliyyə dairələri bu vəziyyətin Rusiya ilə bağlı kapital və ticarət axınlarını daha da çətinləşdirə biləcəyinə diqqət çəkirlər.