"Azərbaycanda avtomobil istehsalı yoxdur"
"Hansı yerli avtomobil, hansı istehsal? Vintaçanla" yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir"
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, 2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib. Onun sözlərinə görəı, hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur: "Bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalı ilə məşğul olan şəxslər də vergidən azad edilib". N.İmanov vurğulayıb ki, son dövrlərdə yerli istehsalın həcmi artıb, eyni zamanda növbəti ildən elektrik və hibrid avtomobillərin ölkəmizdə istehsalı da planlaşdırılır. Yerli istehsalın ardıcıl genişlənməsi ölkədə əlavə dəyərin yaranmasını təmin edir: "Hazırda ölkə ərazisində istehsal olunan minik avtomobillərinin, o cümlədən elektrik və hibrid modellərin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilib. Yerli istehsalın təşviqi və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2026-cı ildən bu sahədə vergi siyasətinin növbəti mərhələsinə keçid nəzərdə tutulur. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobilləri ƏDV-dən azad ediləcək. Bununla yanaşı, yerli istehsal məqsədləri üçün yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad ediləcək". Xatırladaq ki, gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına ƏDV tətbiq ediləcək.
İqtisadçı Natiq Cəfərli sözügedən qərarın yerli elektrik və hibrid avtomobillər istehsalı ilə əlaqələndirilməsinə etirazını bildirib.
"Sherg.az"ın xəbərinə görə, ekspert deyib ki, Azərbaycanda avtomobil istehsalı yoxdur:

"Hansı yerli avtomobil, hansı istehsal? Vintaçanla" yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir, hardadı o yerli istehsal olan elektik və hibrid maşınlar? Ümumiyyətlə, "istehsal" nəyə deyirlər? Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (Renault, Ford, FIAT, Hyundai, Toyota və s.), onların detallarının 35-45 faiz arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb, yan sənayedə onminlərlə iş yeri açlılıb, ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır. İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır. Yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar. Bu qədər də olmaz da".