İqtisadçı: “SpaceX”lə əməkdaşlıq Azərbaycanın startap ekosistemini canlandıra bilər

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-də "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşüb.
Bu barədə nazir "X" hesabında paylaşım edib:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük. Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik".
İqtisadçı Eyyub Kərimli “Sherg.az”a bildirdi ki, bu görüş, ölkəmizdə rəqəmsal iqtisadiyyat, texnologiya və strateji infrastruktur sahəsində yeni dövrün başlanmasının göstəricisi hesab olunur:
“SpaceX kimi dünyanın ən qabaqcıl şirkətləri ilə mümkün əməkdaşlıq Azərbaycan üçün təkcə texnoloji nailiyyət deyil, həm də iqtisadi modelin şaxələndirilməsi, innovasiya əsaslı inkişafı və rəqəmsallaşma istiqamətində yeni imkanların yaranması baxımından əhəmiyyətlidir. Bu, ilk növbədə ölkəmizdə rəqəmsal infrastrukturun güclənməsi deməkdir. Gələcəkdə bölgələrdə keyfiyyətli və sürətli internet xidmətinin təmin edilməsi, elektron xidmətlərin, distant təhsilin, elektron ticarət və telemedia sahələrinin inkişafı üçün möhkəm baza formalaşacaq, beşinci nəsil texnologiyaların inkişafı sürətlənəcək. “Azərkosmos” ilə gələcək əməkdaşlıq çərçivəsində yeni peyklərin hazırlanması və orbitə çıxarılması, ölkəmizin telekommunikasiya sahəsində müstəqilliyinin və regional liderliyinin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Həmçinin texnologiya nəhəngi ilə əməkdaşlıq startap ekosisteminin canlanmasına, mühəndislər və texnoloqlar üçün praktiki təcrübə mübadiləsinə, peşəkarlığın artırılmasına şərait yarada bilər. Bu proses texnoparklar və innovasiya mərkəzləri üçün yeni təcrübə, tərəfdaşlıq və texnoloji transfer imkanlarının açılmasına da zəmin yaradacaq. Rəqəmsal iqtisadiyyatın inkişafı, kadr və peşəkar hazırlığı, yeni texnologiyaların tətbiqi və ixrac brendinin formalaşması logistika və nəqliyyat sektoruna da geniş təsir göstərə bilər. Bu əməkdaşlığın geosiyasi əhəmiyyəti də nəzərəçarpandır. Belə ki, Azərbaycanın texnologiya sahəsində mövqeyi güclənəcək, qlobal texnoloji şəbəkələrə inteqrasiyası artacaq və ölkə etibarlı, dayanıqlı texnoloji mənbə kimi mövqeyini möhkəmləndirəcəkdir. Bundan əlavə, Qarabağ və sərhəd bölgələrində rəqəmsallaşmanın sürətləndirilməsi, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi və təmin olunması istiqamətində mühüm irəliləyişlər əldə oluna bilər. Nəticə etibarilə, bu hadisə Azərbaycan üçün həm iqtisadi, həm də texnoloji baxımdan mühüm nailiyyət olmaqla yanaşı, internet sahəsi və rəqəmsal iqtisadiyyatın qorunması istiqamətində geniş imkanlar yaradacaq”.