Deputatın təklifi dəstək qazandı: Vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ötürülməlidir

İqtisadçı hesab edir ki, deputatın təklifinin reallaşması mümkündür, yetər ki istək olsun

 Milli Məclisdə vəfat edən şəxsin pensiya kapitalının vərəsələrə verilməsi məsələsi gündəmə gətirilib. Millət vəkili Əli Məsimli “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib ki, elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanlar pensiya kapitalından istifadə etsinlər: "Vətəndaş pensiyaya çıxan zaman və ya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm".

Deputatın təklifini şərh edən iqtisadçı Fuad İbrahimli Sherg.az-a deyib ki, əgər idarəetmə üslubu imkan verərsə, bunu ölkəmizdə tətbiq etmək mümkündür. Ekspertin sözlərinə görə, sağlam iqtisadi mühit formalaşarsa, şəffaf xərclənmə mexanizmi tapılarsa, deputatın təklifini reallaşdırmaq olar:

"Bəzən müəyyən məsələni beynəlxalq praktika ilə müqayisə edirlər. Beynəlxalq praktikada çox şey ola bilər, çünki hər ölkənin idarəetmə üslubu var və fərqlidir. Fərqli mühitdən hansısa modeli olduğu kimi gətirib ölkəmizdə tətbiq edə bilmərik. Amma dediyim kimi sağlam və şəffaf iqtisadi mühitdə, düzgün idarəetmədə pensiya ilə bağlı sözügedən təklifi həyata keçirmək mümkündür. Belə olarsa, qanunvericilikdə də dəyişiklik etmək olar. Minimum əməkhaqqını qaldırmaq, inflyasiyanı saxlamaq, dayanıqlı iş yerləri açmaq da mümkün hala gələr. Bəs indiki vəziyyət necədir? Bu mexanizmi hazırda tətbiq etmək imkanlarımız varmı? Təəssüf ki, bunu reallaşdırmaq üçün mövcud mexanizm və gücümüz yoxdur. 2026-cı ilin büdcə xərclərində pensiyaların artımı ancaq indeksləşdirmə yolu ilə nəzərdə tutulur. Ona görə də Əli müəllimin dediyi kimi ilk növbədə qanunvericilikdə dəyişiklik edilməli, uyğun mexanizm hazırlanmalıdır. Əgər səmimi istək olarsa, reallaşa bilər. Təəssüf ki, bu haqda düşünmürlər. İqtisadçı kimi deyirəm ki, bunu etmək mümkündür və heç bir ziyanı da olmaz. Bəzi yoldaşlar rəqəmləri üst-üstə qoyub hesablaya bilmədikləri üçün bu məsələ onlar üçün əlçatan deyil".