Pensiya və maaşlarda yeni mərhələ: Vətəndaşlara tam seçim azadlığı gəlir

Əmək haqqı və pensiya sistemində bank inhisarı aradan qalxa bilər

“Əmək haqqı və pensiya üzrə vətəndaşların bank seçimi imkanının təmin olunması gündəmdədir. Bu mövzunu əvvəlki görüşlərdə də qaldırmışdım. Yay aylarında məsələ həllini tapacaq: hər kəs bankını özü seçəcək”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri Taleh Kazınovun eskpertlərin iştirakı ilə keçirdiyi görüşdə müzakirə olunan məsələlər barədə danışarkən dedi. 

İqtisadçı bildirdi ki, Azərbaycanda əmək haqqı və pensiya ödənişlərinin banklar vasitəsilə həyata keçirilməsində dəyişikliklər gözlənilir. Dövlət büdcəsindən maliyyələşən qurumlarda əmək haqqı kartlarının bir bankla məhdudlaşması aradan qaldırılması və vətəndaşlara daha geniş seçim azadlığının veriləcəyi gözlənilir. Belə olduqda işçilər vəsaiti alacaqları bankı özləri seçə biləcəklər. Pensiya və müvinətlərin alınmasında da vətəndaşların bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır. Hazırda pensiyalar əsasən iki bank - Azərbaycan Beynəlxalq Bankı və Kapital Bank vasitəsilə ödənilir. Lakin bu prosesin sərbəstləşdirilməsi istiqamətində addımlar atılır.Yeni mexanizmin üstünlükləri budur ki, vətəndaşlar maaş və pensiyalarını öz istədikləri bankdan ala biləcəklər. Bu addım banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək. Bu islahatlar Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilir.