Siyavuş Novruzov: Büdcə həm də siyasi sənəddir

"Deputat həmkarlarımızın çoxu qeyd etdi ki, büdcə maliyyə və iqtisadi sənəddir. Mən əlavə etmək istərdim ki, büdcə həm də siyasi sənəddir".

"Sherg.az"ın xəbərinə görə, bu fikri millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı səsləndirib.

Deputat bildirib ki, büdcənin siyasi sənəd olması ölkənin stabilliyinin, inkişafının, iqtisadi dirçəlişinin bariz nümunəsidir: 

"Hər gün Azərbaycanda 3 beynəlxalq tədbir keçirilir. Bütün dünya öz tədbirlərini Azərbaycanda keçirir. Çünki ölkəmizdə ictimai-siyasi sabitlikdir. Ona görə də büdcədən müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait tam yerindədir. Ötən il ölkəmizdə 190-dan artıq tədbir keçirilib. Bu il ondan da artıqdır. Neftlə bağlı burada suallar verildi. Xatırlayıram, "Əsrin müqaviləsi" imzalananda müxalifət məsələ qaldırdı ki, nefti gələcək nəsillərə çatdıraq, yəni indi çıxartmayaq. Nəticə etibarı ilə neftdən gələn gəlirlər Azərbaycanın infrastrukturuna, regionların inkişafına, sosial təminatın həyata keçməsinə, sosial yardımların verilməsinə, özünüməşğulluğun inkişafına sərf olunub. Xəstəxanalar, məktəblər tikilib, yollar salınıb".