42 kilometri ayaqyalın qaçaraq tarix yazdı: Abebe Bikilanın heyrətamiz hekayəsi

Müasir dövrdə qaçış idmanı ən çox xərc tələb edən idman növlərindən biridir. Xüsusilə qaçış ayaqqabıları idman avadanlıqları bazarında mühüm yer tutur. Lakin dünya idman tarixinin ən yaddaqalan rekordlarından biri heç bir ayaqqabı olmadan qazanılıb.

Sherg.az xəbər verir ki, efiopiyalı atlet Abebe Bikila 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında marafon yarışını ayaqyalın qaçaraq 2 saat 15 dəqiqə 16,2 saniyə nəticə ilə həm dünya, həm də olimpiya rekordu müəyyənləşdirib.

1932-ci ildə Efiopiyada anadan olan Bikila gənclik illərində çobanlıq edib, daha sonra isə imperator Hayle Selassiyenin mühafizə alayında hərbi xidmətə başlayıb. Fiziki hazırlıq zamanı qaçış bacarığı ilə seçilən idmançı əvvəlcə 5 və 10 kilometrlik yarışlarda iştirak edib, daha sonra isveçli məşqçi Onni Niskanenin rəhbərliyi altında marafona hazırlaşıb.

Bikilanın yarışa ayaqyalın çıxması şəxsi seçim deyil, zərurət idi. Məşqlər zamanı ayaqqabıları yararsız hala düşmüş, sonradan alınan yeni ayaqqabılar isə ayaqlarında su toplamasına səbəb olmuşdu. Buna görə də o, karyerasının ən vacib yarışına ayaqyalın çıxmağa qərar verib.

Roma küçələrinin daş döşəmələri üzərində keçirilən marafonda Bikila favoritlər sırasında göstərilməsə də, bütün rəqiblərini geridə qoyaraq çempion olub. O, həmçinin Olimpiya Oyunlarında qızıl medal qazanan ilk qaradərili afrikalı atlet kimi tarixə düşüb.