Son xəbərlər

100 milyon il əvvəl yaşamış, suyun üzərində yeriyə bilirmiş - Alimlərdən sensasiyalı kəşf

Alimlər təxminən 100 milyon il əvvəl dinozavrlarla eyni dövrdə yaşamış, suyun səthində hərəkət edə bilən yeni həşərat növü aşkar ediblər.

Sherg.az xəbər verir ki, Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun rəhbərlik etdiyi tədqiqat zamanı 99 milyon illik kəhrəba fosillərində əvvəllər məlum olmayan həşərat fəsiləsinə aid çəyirtkə nümunələri tapılıb.

Qanadsız, qısa bədənli və uzun ayaqlı bu canlıların suyun səthi gərilməsindən istifadə edərək su üzərində tarazlıq saxlaya və hərəkət edə bildiyi müəyyənləşdirilib. Onların bədənindəki suyu itələyən tüklər və arxa ayaqlarının alt hissəsində yerləşən yarpaqşəkilli, avarabənzər çıxıntılar bu xüsusiyyəti təmin edib.

Tədqiqatçılar eyni kəhrəba parçasında birlikdə qorunmuş doqquz çəyirtkənin ot yeyən canlılar olduğunu ehtimal edirlər. Bu tapıntı çəyirtkə və cırcırama qohumlarının qrup halında qidalanmasına dair məlum olan ən qədim sübut ola bilər.

Alimlər yeni canlıları “Hydrelcana zhangi” adlandıraraq “Hydrelcanidae” adlı yeni həşərat fəsiləsinə aid ediblər. Tədqiqatın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” jurnalında dərc olunub.