Araşdırma: Pişiklər insanın kədərini hiss edə bilir

Pişik sahibləri çox vaxt iddia edir ki, onlar üzgün olduqları vaxt ev heyvanları bunu hiss edir və daha mehriban davranır. Bəs elm bu barədə nə deyir?

Sherg.az xəbər verir ki, ABŞ-də aparılan araşdırmalar göstərir ki, pişiklər insanların duyğu dəyişikliklərini tam “üzgünlük” kimi anlamasa da, davranış və emosional fərqləri hiss edirlər.

Oakland Universitetinin tədqiqatçıları Moriah Galvan və Jennifer Vonkun araşdırmasına görə, pişiklər sahibinin üz ifadəsi, səs tonu və gündəlik davranışlarındakı dəyişiklikləri fərqləndirir. Bu isə onların “bu insanda nəsə dəyişib” reaksiyası verməsinə səbəb olur.

Araşdırmada qeyd edilir ki, pişiklər nsanların emosiyalarını insan kimi dərk etmir, lakin rutin pozuntularını və davranış fərqlərini çox yaxşı sezirlər. Buna görə də sahibinin kədərli olduğu anlarda bəzi pişiklər yaxınlaşaraq sakitləşdirici davranış göstərə bilir, bəziləri isə əksinə uzaqlaşa bilir.

Elm adamlarına görə bu davranışlar pişiklərin “emosional empatiya”dan çox, müşahidə və vərdiş dəyişikliklərini hiss etməsi ilə bağlıdır.

Nəticə olaraq, araşdırma pişiklərin düşünüldüyündən daha müşahidəçi və insanla daha sıx əlaqədə yaşayan canlılar olduğunu göstərir.