Türkiyənin Hatay şəhərində yaşayan bioloq Sedat Çamın daş kolleksiyasına marağı 2016-cı ildə təsadüfən ayağının bir daşa ilişməsi ilə başlayıb. Bu gün onun kolleksiyasında 250 növdə 15 minə yaxın təbii daş var.
Sherg.az xəbər verir ki, 42 yaşlı Çam işindən asudə vaxtlarında təbiətdə daş axtararaq kolleksiyasını genişləndirib. Tapdığı daşları araşdıraraq sosial şəbəkələrdə paylaşan Çam artan maraqdan sonra 2020-ci ildə elektron ticarətə başlayıb.

2023-cü ildə isə evinin damını emalatxanaya çevirərək kolleksiyasını burada sərgiləməyə başlayıb. Sitrin, ametist, flüorit, mərcan, obsidian, akvamarin və garden kvarsı da daxil olmaqla 250 müxtəlif növdə təbii daşı satışa çıxaran Çam həm Türkiyəyə, həm də xarici ölkələrə məhsul göndərir.
Çam daşların təmizlənməsində kimyəvi maddələrdən istifadə etmədiklərini, yalnız təzyiqli isti su, fırça və xüsusi alətlərdən yararlandıqlarını bildirib.

Kolleksiyaçı Argentina, Belçika, Fransa, İngiltərə, Rumıniya və Yunanıstana da daş göndərdiklərini qeyd edib. Onun sözlərinə görə, məhsulların qiyməti 200 lirədən başlayır, ən bahalı daşlar isə 45 min lirəyə qədər satılır.