Çağla mənə "sən kralsan, paşamsan" deməz - Acun Ilıcalıdan ETİRAFLAR

Türkiyəli media maqnatı Acun Ilıcalı həyatında uğurun, ailənin və tənqidin rolundan danışıb. O, aparıcı Aslıhan Doğan Turanın “YouTube” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Acun Ilıcalı qazandığı uğurlara görə daim şükür etdiyini bildirib:

""Çox yorulmuşam" cümləsini işlədə bilmirəm. Çünki Allah mənə çox az insana qismət olan imkanlar verib. Bunun qarşılığında ən kiçik şikayət etməyi nankorluq hesab edirəm. Yorulmaq da bu uğurun bir hissəsidir. Həyatda qarşılaşdığım mənfi hadisələri isə uğurun vergisi kimi qəbul edirəm”.

Məşhur televiziyaçı ailəsinin onun üçün ən böyük xoşbəxtlik mənbəyi olduğunu vurğulayıb:

“Qızlarımı çox sevirəm. Allah mənə dörd gözəl qız övladı nəsib edib. Hərəsinin öz xarakteri var. Onlarla vaxt keçirmək mənə böyük sevinc verir. Ailəm böyüdükcə birlikdə olmaqdan daha çox zövq alıram. Artıq meksikalı ailələrə oxşayırıq”.

Ilıcalı onu ən səmimi şəkildə tənqid edən insanların kimlər olduğunu da açıqlayıb. Onun sözlərinə görə, həyat yoldaşı Ayça Çağla Altunkaya hər zaman açıq danışır:

“Çağla səhv etdiyim zaman məni tənqid edir. Heç vaxt "sən kralsan, paşamsan" deməz. Əksinə, "bunu belə etməsən daha yaxşı olar" deyər. Tənqid insanı inkişaf etdirir. Ən böyük tələ insanın özünü həddindən artıq vacib hesab etməsidir”.

Acun Ilıcalı İngiltərənin "Hall Siti" klubunun Premyer Liqaya yüksəldiyi gün yaşadığı hissləri də bölüşüb. O bildirib ki, həmin an həyatının ən xoşbəxt günlərindən biri olub:

“Qol vurulduğu anda yerimdən tərpənə bilmədim. Sanki ruhum başqa yerdə idi. Bir türk kimi İngiltərədə klub alırsan və o komanda Premyer Liqaya yüksəlir. Bunun yaratdığı qüruru sözlə ifadə etmək çətindir”.

İş adamı həmçinin müasir futbolda oyunçuların həddindən artıq yükləndiyini deyərək, “Futbolçuları limon kimi sıxırlar” ifadəsini işlədib. Onun sözlərinə görə, sıx oyun təqvimi futbolçuların istirahət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.