"Cəddin Dədən": Bir marşdan daha artıq

Türkiyənin milli idman qarşılaşmalarında və beynəlxalq tədbirlərdə səsləndirilən "Cəddin Dədən" marşı zamanla ölkənin simvolik musiqi nümunələrindən birinə çevrilib.

Sherg.az xəbər verir ki, Habertürk nəşrinin hazırladığı araşdırmada qeyd olunur ki, marşın əsası XX əsrin əvvəllərində Osmanlı ordusunun mənəvi ruhunu gücləndirmək məqsədilə yenidən formalaşdırılan mehtər ənənəsi çərçivəsində qoyulub. Araşdırmaya görə, 1911-ci ildə Əhməd Muxtar Paşanın təşəbbüsü ilə yaradılan yeni mehtər kollektivi üçün bəstəkar Muəllim İsmayıl Haqqı bəy ənənəvi hərbi musiqini müasir orkestr elementləri ilə birləşdirərək "Cəddin Dədən" marşını ərsəyə gətirib.

Məqalədə bildirilir ki, marş hərbi musiqi nümunəsi olmaqla yanaşı, həm də milli birlik, tarixi irs və vətənpərvərlik ideyalarını əks etdirən simvol kimi qiymətləndirilir. Bu gün "Cəddin Dədən" Türkiyənin beynəlxalq tədbirlərdə, o cümlədən NATO Sammitinin rəsmi qarşılama mərasimində və müxtəlif idman yarışlarında səsləndirilərək ölkənin "eşidilən simvollarından" biri hesab olunur.