İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!

Günlərlə sudan çıxmadan yaşayır, hətta yeməklərini gölün içində yeyir. 16 yaşlı gənci illərdir suya bağlayan sirli xəstəlikdir?

Sherg.az təfərrüatları təqdim edir...

16 yaşlı İqbal Şeyx təxminən 5 ildir günlərinin böyük hissəsini gölməçələrdə keçirir. Sudan çıxdığı anda bütün bədənini bürüyən dözülməz yanma hissinin başladığını deyən gənc, ağrısının yalnız yenidən suya girdikdə azaldığını bildirir.

Hindistanın Qərbi Benqal ştatının Mürşidabad şəhərində yaşayan Şeyx qeyri-adi həyat tərzinə görə bölgədə, demək olar ki, yerli əfsanəyə çevrilib. Günlərlə sudan çıxmayan gənc müxtəlif gölməçələrə gedərək həyatını burada davam etdirir.

SUDAN ÇIXANDA DÖZÜLMƏZ AĞRI BAŞLAYIR

Şeyxin illərdir səbəbi müəyyənləşdirilməyən narahatlığı onun həyatını tamamilə dəyişib. Gənc sudan uzaqlaşdıqda bədənində güclü yanma və ağrı hiss etdiyini, sərin suya girdikdə isə bu şikayətlərinin azaldığını deyir.

Bu səbəbdən gölməçələr artıq onun üçün yalnız sərinləmək üçün girdiyi yerlər deyil, demək olar ki, yaşayış məkanına çevrilib.

Şeyxin bu qeyri-adi həyatı ətrafda da böyük maraq doğurur. Məktəbli uşaqlar və bölgə sakinləri hər gün gölməçələrin ətrafına toplaşaraq gənci izləyirlər. Bəzi insanlar isə günlərlə sudan çıxmayan Şeyxə yemək gətirirlər.

Gəncin gölməçənin içində yemək yeyərkən çəkilən görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq minlərlə insanın diqqətini çəkib.

ƏLLƏRİ VƏ AYAQLARI RƏNGİNİ DƏYİŞİB

Lakin gölməçələrdə uzun müddət qalmaq Şeyxin sağlamlığını da təhdid etməyə başlayıb. Bölgə sakinləri bildirirlər ki, əlləri və ayaqları başda olmaqla, bədəninin bəzi nahiyələrindəki dəri uzun müddət suda qalması səbəbindən solub.

Gəncdə həmçinin soyuqdəymə və öskürək əlamətlərinin ortaya çıxdığı bildirilir.

Ailəsi daha əvvəl Şeyx üçün yerli tibb mərkəzindən yardım istəyib. Lakin burada ehtiyac duyduğu müalicəni ala bilmədiyi bildirilən gəncin ailəsinin özəl xəstəxanada müalicə xərclərini qarşılamaq üçün maddi imkanının olmadığı da qeyd edilir.

Daha diqqətçəkən məqam isə həkimlərin illərdir gəncin yaşadığı narahatlığın dəqiq səbəbini müəyyənləşdirə bilməməsidir.

MİLYARDER İŞƏ QARIŞDI

Məhz bu məqamda Şeyxin həyatında yeni bir mərhələ başlayıb.

Hindistanın ən varlı şəxslərindən biri olan Anant Ambani 16 yaşlı gəncin vəziyyətindən xəbərdar olub və onun mütəxəssislər tərəfindən müayinə olunması üçün hərəkətə keçib. Ambaninin təşəbbüsü ilə Şeyx Mumbaya aparılaraq hərtərəfli tibbi müayinədən keçirilib.

İllərdir gölməçələrdə yaşamaq məcburiyyətində qalan gənc indi ilk dəfə mütəxəssis həkimlər tərəfindən ətraflı şəkildə müayinə olunur.

NADİR XƏSTƏLİK EHTİMALI ARAŞDIRILIR

Şeyxin bədənində yaranan güclü yanma hissinin səbəbi hələ də dəqiq müəyyənləşməyib. Həkimlərin üzərində dayandığı ehtimallar arasında dəridə, xüsusilə su ilə təmas zamanı və ya təmasdan sonra narahatlığa səbəb ola bilən nadir bir xəstəlik də var.

Digər ehtimal isə yanma, istilik və qızartı hissinə səbəb ola bilən nadir eritromelalji xəstəliyidir. Lakin həkimlər bunun hələlik yalnız ehtimal olduğunu və dəqiq diaqnoz üçün hərtərəfli müayinə tələb olunduğunu bildirirlər.