NATO Zirvəsində diqqət çəkən Ankara pişikləri dünyaya açıldı - 27 ölkədən canlı izlənilir

Ankara Pişiyini Qoruma, Yaşatma və Tanıtma Mərkəzində qorunan safqan Ankara pişiklərinin təbii həyatı artıq dünyanın 27 ölkəsindən canlı izlənilir.

Sherg.az xəbər verir ki, mərkəzdə pişiklərin qorunması, çoxaldılması və cinsin davamlılığının təmin edilməsi istiqamətində işlər aparılır.

Avropada "Anqora pişiyi" kimi tanınan Ankara pişiyi ən qədim uzun tüklü pişik cinslərindən biri hesab olunur. Nəsli tükənmək təhlükəsi altında olan bu pişiklər xüsusi qulluq altında saxlanılır.

Təxminən 2 min kvadratmetr ərazidə yerləşən və 7 bölmədən ibarət mərkəzdə pişiklərin həyəti, yataqxanası, istirahət və yemək sahələri 8 kamera vasitəsilə gecə-gündüz canlı yayımlanır. İzləyicilər onların gündəlik davranışlarını real vaxt rejimində müşahidə edə bilirlər.

Pursaklar bələdiyyəsinin sədri Ertuğrul Çətin bildirib ki, layihə ötən ay Ankarada keçirilən NATO Zirvəsində xarici nümayəndə heyətlərinə Ankara pişiklərinin təqdim edilməsindən sonra həyata keçirilib. Onun sözlərinə görə, qonaqlar pişiklərin hansı şəraitdə yaşadıqlarına böyük maraq göstəriblər.

Çətin qeyd edib ki, canlı yayım başladıqdan cəmi bir həftə sonra platformanı 736 min 500 nəfər izləyib. Layihəyə Türkiyənin bütün bölgələri ilə yanaşı, dünyanın 27 müxtəlif ölkəsindən də maraq göstərilib. Onun sözlərinə görə, bu təşəbbüs həm Ankara pişiyinin tanıdılmasına, həm də Türkiyənin təbliğinə mühüm töhfə verir.