Rusiyada aparılan arxeoloji qazıntılar zamanı təxminən 2 137 il əvvəl yaşamış qadına aid məzarda görünüşünə görə "iPhone"a bənzədilən sirli əşya aşkarlanıb.
Sherg.az xəbər verir ki, sonradan məlum olub ki, bu əşya əslində qiymətli daşlarla bəzədilmiş qədim kəmər tokasıdır.

Tapıntı Sayano-Şuşensk su anbarı yaxınlığındakı Ala-Tey nekropolunda aşkar edilib. Tədqiqatçıların fikrincə, məzar e.ə. 92-ci il ilə eramızın 71-ci illəri arasına aiddir və Hunnu (Xiongnu) dövrünə məxsusdur.

Təxminən 18×9 santimetr ölçüsündə olan qara rəngli toka jet daşından hazırlanıb, üzəri firuzə, qırmızı yarımqiymətli daşlar və Çin mənşəli "wuzhu" sikkələri ilə bəzədilib. Məhz bu sikkələr alimlərə məzarın tarixini daha dəqiq müəyyənləşdirməyə imkan verib.
Arxeoloqların sözlərinə görə, sözügedən toka qazıntı zamanı aşkar edilən ən diqqətçəkən tapıntılardan biridir. Bölgədə Tunc dövründən Çingiz xan dövrünədək müxtəlif sivilizasiyalara aid çoxsaylı məzarların olduğu bildirilir.