Samsunda Atatürkü qarşılayan tək qadın: Sakinə xanım - FOTO

19 may 1919-cu ildə Mustafa Kamal Atatürkün Samsuna gəlişi zamanı onu qarşılayanlar arasında bir qadın da var idi: 23 yaşlı xəstə baxıcı Sakinə xanım.

Sherg.az xəbər verir ki, tədqiqatçı-yazar Necat Çətinin verdiyi məlumata görə, Sakinə xanım Samsun Dövlət xəstəxanasında işləyərkən həm könüllü xəstə baxıcısı kimi fəaliyyət göstərib, həm də daha sonra rəsmi olaraq bu sahədə çalışıb. Xəstəxanada işləyən xarici həkimlərdən ingilis dili öyrənən Sakinə xanım aktiv və təşəbbüskar xarakteri ilə seçilirdi.

Mustafa Kamalın Samsuna gələcəyini öyrəndikdən sonra Sakinə xanım şəhərdəki nümayəndə heyəti ilə birlikdə limana gedərək Atatürkü qarşılayan tək qadın kimi tarixə düşüb. Oğlu Orhan Baturayın anlatdığına görə, Sakinə xanım İstiqlal Müharibəsi illərində Samsun qadınlarını təşkil edərək cəbhəyə yun və geyim dəstəyi verilməsində də fəal iştirak edib.

Ömrü boyu oxumağa, xüsusilə tarixə böyük maraq göstərən Sakinə xanım 1974-cü ildə vəfat edib.