Türkiyənin Sinop vilayətində Cümə düzündə bu il yumurtadan çıxan 73 leylək uçmaq qabiliyyəti qazandıqdan sonra köç yoluna çıxıb.
Sherg.az xəbər verir ki, leyləklərin populyasiyasının qorunmasına yönələn layihə artıq beşinci ildir həyata keçirilir.
Sinop Universitetinin rəhbərliyi ilə 2022-ci ildə başlanan layihə çərçivəsində hər il düzənlikdə yumurtadan çıxan leyləklər tibbi müayinədən keçirilir, halqalanır və sayılır. Daha sonra yuvalarına qaytarılan quşlar köç mövsümünədək alimlər tərəfindən izlənilir.
Layihənin rəhbərlərindən dosent Evrim Sönmez bildirib ki, beş il ərzində balaca leyləklərin ölüm göstəricisi 26 faizdən 12 faizə endirilib. Onun sözlərinə görə, bu nəticədə Milli Parklar İdarəsinin, yerli sakinlərin və fermerlərin dəstəyi mühüm rol oynayıb.
Sönmez qeyd edib ki, elektrik paylayıcı şirkət tərəfindən leyləklər üçün yaradılan süni platforma yuvalar da ölüm hallarının azalmasına və populyasiyanın sağlamlığının qorunmasına kömək edib.
Bu il Cümə düzündə 35 aktiv yuva müşahidə olunub. 79 yumurtadan çıxan balalardan 73-ü uçmağı bacarıb. Bu isə 92 faizlik göstəriciyə uyğundur. Alimlər gələcəkdə ətraf mühitdəki dəyişikliklərin leylək populyasiyasına təsirini, o cümlədən iqlim dəyişikliyi ilə əlaqəsini araşdırmağı planlaşdırırlar.