Təmirə gətirilən avtomobildə gözlənilməz sürpriz: Ustalar işi dayandırdı

İstanbulun Bağcılar rayonunda mühərriki təmir edilən avtomobilin üzərində qumru yuva qurub. Vəziyyəti görən servis sahibi quş və balaları uçub gedənədək avtomobil qaldırıcısından istifadə etməməyə qərar verib.

Sherg.az xəbər verir ki, təmir üçün gətirilən avtomobil bir müddət qaldırıcıda qaldığından qumru burada yuva salıb və yumurta qoyub. Avtomobili endirmək istəyən ustalar yuvanı görərək işləri dayandırıblar. Daha sonra yumurtalardan iki bala çıxıb.

Usta Alper Turhan bildirib ki, quşun yuvasına toxunmağa ürəkləri gəlməyib. Buna görə də balalar uçana qədər həmin qaldırıcıdan istifadə etmirlər və işlərini digər qaldırıcıda görürlər. Onun sözlərinə görə, ana quş qorxsa da, balalarını tərk etməmək üçün yuvadan ayrılmır. Bu da analıq instinktindən irəli gəlir.