Hava limanı əməkdaşı Tomas Lo Skiutonun sözlərinə görə, baqajın daha tez təhvil alınması üçün bəzi sadə üsullar var.
Sherg.az xəbər verir ki, onun bildirdiyinə görə, dar gövdəli təyyarələrdə check-in-i son anda edən sərnişinlərin çamadanları adətən təyyarəyə ən son yükləndiyi üçün enişdən sonra ilk boşaldılan baqajlar arasında olur.

Digər üsul isə baqaja "Fragile" (qırılan) etiketi vurulmasıdır. Bu cür çamadanlar zədələnməsin deyə yuxarı hissəyə yerləşdirilir və çox vaxt ilk boşaldılan baqajlar sırasında olur.

Bununla yanaşı, biznes sinfi sərnişinləri və bəzi aviaşirkətlərin sadiqlik proqramı üzvlərinə verilən "Priority" (prioritet) etiketi də baqajın daha tez lentə çatdırılmasına kömək edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, baqaj gözləməməyin yeganə qəti yolu isə yalnız əl yükü ilə səyahət etməkdir.