Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı 

İkinci Dünya müharibəsi zamanı üç fərqli hərbi gəmidə olan bir pişiyin hər üç gəminin batmasından sağ çıxması onu əfsanəyə çevirib.

Alman gəmisindən sağ çıxdı

1941-ci ilin mayında Almaniyanın məşhur “Bismarck” zirehli gəmisi Britaniya donanmasının hücumu nəticəsində batırılıb. Təxminən 2 200 nəfərlik heyətdən yalnız 114-ü xilas olub. Onların arasında “Batmayan Sem” kimi tanınan pişiyin də olduğu bildirilir.

İddiaya görə, pişik dənizdə taxta parçasının üzərində tapılaraq Britaniyanın “HMS Cossack” esminesinə götürülüb və ona əvvəlcə “Oskar” adı verilib.

İkinci gəmi də batdı

23 oktyabr 1941-ci ildə “HMS Cossack” Alman sualtı qayığının torpedosu ilə vurulub və bir neçə gün sonra batıb. Oskar bu dəfə də sağ qalıb.

Daha sonra pişik Britaniyanın “HMS Ark Royal” təyyarədaşıyan gəmisinə aparılıb. Lakin noyabrın 13-də bu gəmi də Alman sualtı qayığının hücumuna məruz qalaraq batıb. “Batmayan Sem” yenidən xilas edilib.

Müharibədən sonra Belfastdakı dənizçilər evinə göndərilən pişik 1955-ci ildə ölüb.

Əfsanənin doğruluğu şübhə altındadır

“Batmayan Sem”in hekayəsi məşhur olsa da, onun həqiqətən “Bismarck” gəmisindən xilas edilən pişik olduğuna dair ciddi suallar var. Royal Museums Greenwich-in məlumatına görə, Semə aid olduğu deyilən fotoşəkillər bir-biri ilə uyğun gəlmir və “Bismarck”dan sağ çıxanların ifadələrində pişik barədə məlumat yoxdur.

Buna görə də “Batmayan Sem”in hekayəsinin nə qədərinin həqiqət, nə qədərinin əfsanə olduğu bu gün də dəqiq bilinmir.