- AKİ-nin şəxsi ambisiyalara qurban verilməsi kinomuzun tarixində qara ləkə olar
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 30 iyul 2026-cı il tarixinə təyin edilmiş iclası yetərsay olmadığından baş tutmadı. Məlum olub ki, İdarə Heyətinin bəzi üzvləri yetərsayın olmamasına səy göstəriblər və buna nail olublar.
Nəticədə, may ayındakı hal – AKİ-yə sədr seçkiləri zamanı yaranmış vəziyyət növbəti dəfə təkrarlanıb. Yetərsay olmadığından İdarə Heyətinin iclası baş tutmayıb ki sədr seçkiləri ümün növbəti konfransın vaxtı müəyyənləşsin. AKİ-nin icraçı katibi, kinorejissor Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının 30 iyul tarixinə elan edilmiş İdarə Heyətinin iclasını süni bəhanələrlə pozmaq cəhdlərinin olmasını söyləmişdi. Dünənki vəziyyətdən sonra AKİ-nin İdarə Heyətinin bir neçə üzvü bəyanatla çıxış etdi. Bəyanatda qeyd olunurdu ki, bəz həmkarların məsuliyyətsiz addımları nəticəsində təşkilatın hüquqi statusu təhlükə altındadır. Təşkilatın vergi səhifəsi bağlanıb, əmək müqavilələrinin yenilənməsi mümkünsüz olub, layihələrin icrası səngiyib. “Bir daha bəyan edirik ki, vəziyyətdən yeganə çıxış yoluNizamnamənin tələblərinə uyğun olaraq konfransda sədr seçkisi keçirməkdir. Konfransın keçirilmə tarixinin uzadılması təşkilatımızın ləğv olunacağı deməkdir”. AKİ-nin birinci katibi və icraçı katibindən tələb olunur ki, konfransın 5 sentyabr tarixindən gec olmayaraq keçirilməsi üçün zəruri addımlar atsın.
Qeyd edək ki, kino sahəsində çalışan, milli kinomuzun gələcəyi üçün narahatlıq keçirən ziyalılar İdarə Heyətinin bəzi üzvlərinin məsuliyyəsizliyi nəticəsində yaranmış bu cür çətin vəziyyətin kinomuzun inkişafını ləngitdiyi qənaətindədirlər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, nasir, publisist və ssenarist Nəriman Əbdülrəhmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, o da müraciətə qoşulub:
- AKİ üzvü kimi mən də müraciətə qoşuluram. AKİ-nin şəxsi ambisiyalara qurban verilməsi kinomuzun tarixində qara ləkə olar. Konfransın keçirilməsi və demokratik keçirilməsi vacibdir. Hələ ki gec deyi, sağlam düşüncə qalib gəlməlidir. Sonra gec ola bilər.