Kinematoqrafçılar İttifaqını qəsdən sədrsiz saxlayırlar - Əli İsa Cabbarov

  • "Seçkinin nəticələrindən qorxan İdarə Heyətinin üzvləri artıq ikinci dəfədir ki, yetərsay pozmağa cəh edirlər"

Azərbaycan Kinematoqrafçılar İttifaqında “sular durulmur”. İttifaqın icraçı katibi, kinorejissor və prodüser Əli İsa Cabbarov özünün feysbuk səhifəsində belə bir paylaşım edib: “Azərbaycan Kinematoqrafçılar İttifaqının sabaha (30 iyul tarixinə - M.R.) elan edilmiş İdarə heyətinin iclasının yetərsayını süni bəhanələrlə pozmaq cəhdləri var. Təşkilat real ləğv təhlükəsi ilə üz-üzədir”. İcraçı katibin həyəcan təbili çalması həqiqətən də sual doğurur; niyə? 

Xatırladaq ki, bu lin may ayında AKİ-nin qurultayı keçirilməli və sədr seçkiləri baş tutmalıydı. Qurultay oldu, sədr də seçildi. Amma qurultayda yetərsay olmadığından nəticə təsdiqlənmiş sayılmadı. Yetərsiz saya səbəb isə İdarə Heyətinin bir neçə üzvünün qurultayı boykot etməsi olmuşdu. Bu azmış kimi boykot taktikası seçənlər İttifaqın bəzi üzvlərini də qurultayda iştirakdan çəkindirmişdi. Belə məlum olurdu ki, bu şəxslər hələ də sədr vəzifəsindən imtina etməyən xalq artisti Şəfiqə Məmmədovanın tərəfdarlarıdır. Qurutayın gedişindən yayılan video-görüntülər, bir sıra iştirakçıların sosial şəbəkələrdə yayılan çıxışları və rəylər onu göstərirdi ki, əslində çoxluq Əli İsa Cabbarovun İttifaqa sədr seçilməsini istəyir və bunun kinomuzun inkişafı üçün məqbul olacağına inanır. Amma səsvermənin nəticələri təsdiqlənmədi. Nəticədə hüquqi boşluq yarandı. İdarə Heyətinin iclasının yenidən çağırılmasında məqsəd isə qurultayın növbəti dəfə keçirilmə tarixini müəyyən etmək və bəlkə bu iclas sayəsində hüquqi boşluğu aradan qaldırmaq idi. Amma yenə də mümkün olmadı.

Əli İsa Cabbarov “Sherg.az”a açıqlamasında bildirdi ki, seçkinin nəticələrindən qorxan İdarə Heyətinin üzvləri artıq ikinci dəfədir ki, yetərsay pozmağa cəhd edirlər:

-Birinci dəfə may konfransında etdilər bunu. Üzvləri şantaj edərək, onların konfransa gəlmələrinə mane olaraq konfransın işini pozdular. İndi də növbəti konfransın tarixini təyin etmək üçün İdarə Heyətinin iclası çağırılıb, bu dəfə də iclasın yetərssyını pozmaq istəyirlər. 19 nəfərlik yetərsaydır, bəhanələri budur ki, müraicət etmişik, yoxlamalar olmalıdır, payız aylarına saxlanılsın. Hətta payız ayına saxlanması üçün də İdarə Heyətinin iclası baş tutmalıdır və payız aylarında keçirilməsinə dair qərar qəbul edilməlidir. İdarə Heyətinin bəzi üzvləri məsuliyyətsiz davranırlar. Artıq 4-cü aydır ki, İttifaq sədrsizdir və bu, İttifaqı ləğvə gətirib çıxaracaq. İttifaq üzvləri tərəfindən təkliflər səslənir ki, İdarə Heyətinin yetərsayın olmasına maneçilik edən üzvləri İdarə Heyətinin tərkibindən çıxarılsın. 

Bəs bu, mümkündürmü? Əli İsa Cabbarov bildirdi ki, İdarə Heyətinin tərkibi ancaq konfransda formalaşır: 

- Yeni tərkibin formalaşması üçün də iclasda İH üzvlərinin yarısının iştirakı vacibdir. Ona görə də İH-nin iclasını keçirib günü təyin etmək lazımdır.