Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
- Milli təhlükəsizlik üçün ən böyük risk etibarsız informasiya mənbələridir
- Azər Rəşidoğlu: “Sosial şəbəkələr heç vaxt peşəkar medianı əvəz edə bilməyəcək”
Azərbaycan söz, fikir, media azadlığına əyani şəkildə hörmət etdiyini, hər kəsin düşüncəsini, baxışını sərbəst, azad bir şəkildə ifadə etmək hüququnu tanıdığını IV Şuşa Qlobal Media Forumu vasitəsilə dünyaya nümayiş etdirdi. Artıq ənənə halını almış Şuşa Media Forumu bu il 13-14 iyul tarixlərində baş tutdu. Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər iştirak etdi, 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olundu. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də forumda iştirak edirdilər.
Builki Forum dünyanın hazırkı mənzərəsi fonunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuşdu. Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olundu. Şuşa Qlobal Media Forumu Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha bütün dünyaya nümayiş etdirdi. Rəsmi Bakı öz mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bəyan edərək siyasi iradəsini göstərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumda iştirakı, təkcə 10-larla media nümayəndəsinin deyil, beynəlxalq təşkilat, qurum və şirkətlərin nümayəndələrinin də suallarını cavabandırması onun timsalında ümumən dövlətimizin plüralist mövqeyinin göstəricisi oldu. Ölkənin Prezidenti çoxsaylı yerli və beynəlxalq səviyyəli media nümayəndələri qarşısında əyləşib müxtəlif səpkili suallara cavab verir və bununla media və jurnalistlərə böyük hörmətini nümayiş etdirir. Prezident İlham Əliyevin Forum iştirakçılarının suallarını cavablandırarkən ölkəmiz və dünyada gedən proseslərlə bağlı dəqiq analiz etdiyi görünürdü. Çıxışı zamanı ölkə başçısı bir sıra məqamlara toxunaraq qeyd etdi ki, Şuşa Forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Bu, son 5 ildə Qarabağda aparılan nəhəng tikinti-quruculuq işlərinin məntiqi nəticəsidir. Forum çərçivəsində Pakistanın "PakTVGlobal" telekanalına verdiyi müsahibədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunu beynəlxalq media nümayəndələri ilə açıq dialoq, qlobal çağırışlar ətrafında fikir mübadiləsi və jurnalistikanın gələcəyinin müzakirəsi üçün mühüm platformaya çevrildiyini vurğulayıb. H.Hacıyev bildirib ki, Şuşa Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü dörd il əvvəl Prezident İlham Əliyev tərəfindən Şuşanın intellektual və mədəni dialoq mərkəzi kimi tarixi rolunun bərpası məqsədilə irəli sürülüb və bu illər ərzində Şuşada alimlər, akademiklər, jurnalistlər, filosoflar və şairlər müxtəlif intellektual ideyalar üzərində işləmək və şəhərin əvvəlki ruhunu yenidən canlandırmaq üçün bir araya gəlirlər. H.Hacıyev bildirib ki, Forumun digər mühüm məqsədlərindən biri də Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq, informasiya kampaniyaları və media məkanında həyata keçirilən hücumlarla bağlı çağırışlara qarşı mübarizə aparmaqdır:
- Buna görə də dünya mediası ilə birbaşa kommunikasiya təmin etmək xüsusi əhəmiyyət daşıyır. Şuşa Forumunun funksiyalarından biri də bu hücumlara qarşı mübarizə aparmaq və həqiqətləri dünyaya çatdırmaqdır. Bu, xüsusilə Azərbaycanın işğal altında olan ərazilərini azad etməsindən sonra daha da aktuallaşıb. Biz dünya ilə açıq danışırıq. Bu, Prezident İlham Əliyevin beynəlxalq media ilə birbaşa ünsiyyətidir. Forumun formatı müxtəlif ölkələrdən olan jurnalistlərə sərbəst şəkildə suallar verməyə və Azərbaycan Prezidentindən birbaşa cavab almağa imkan yaradır. Burada sualların sayına heç bir məhdudiyyət yoxdur. İstənilən jurnalist zəruri hesab etdiyi istənilən sualı verə bilər. Bu forumda da Azərbaycan Prezidenti dünyanın müxtəlif guşələrindən olan media nümayəndələrinin suallarını cavablandırdı. Prezident İlham Əliyevin forumda iştirakı Azərbaycanın açıq dialoq və şəffaf kommunikasiya siyasətini əks etdirir. Orada heç bir məhdudiyyət və ya senzura yox idi. Hər kəs istədiyi sualı verə bilərdi. Bu, Azərbaycanın strateji kommunikasiyası idi və mən cənab Prezidentin köməkçisi olmaqdan qürur duyuram. Biz hər gün onun müdrikliyindən öyrənirik. Prezidentin mediaya yanaşması bunun bariz nümunələrindən biridir. Dövlət başçısı iqtisadiyyat, xarici siyasət, sosial sahə və hərbi istiqamətdə də eyni yanaşmanı nümayiş etdirir. Prezident İlham Əliyevin jurnalistlərlə ünsiyyəti ənənəvi kommunikasiya çərçivəsini aşır. Azərbaycan Prezidentinin son forum çərçivəsində suallara verdiyi cavablar sadəcə kommunikasiya deyildi – bu, beynəlxalq media ilə əsl dialoq idi. H.Hacıyev vurğulayıb ki, media mühiti süni intellekt, sosial şəbəkələr və digər texnoloji proseslərin təsiri ilə sürətlə dəyişir:
- Şuşa Forumu həm də intellektual dialoq platformasıdır. Media dinamik şəkildə dəyişir. Süni intellekt, sosial şəbəkələr və ümumilikdə media sistemi inkişaf edir. Hamımız dezinformasiya ilə üz-üzəyik. Buna görə də bir-birimizdən öyrənməli, təcrübə mübadiləsi aparmalı və təkliflər irəli sürməliyik. Bu da Şuşa Forumunun əsas məqsədlərindən biridir.
Araşdırmaçı jurnalist, “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan medaisının qarşısında duran əsas vəzifə informasiya təhlükəsizliyini təmin etməkdirsə, məhz peşəkar jurnalistikanın inkişafına ilk növbədə geniş yer verilməlidir:
- Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, sosial şəbəkələr və blogerlər informasiya məkanının mühüm hissəsi olsalar da, heç vaxt peşəkar medianı əvəz edə bilməyiblər. Səbəb sadədir - peşəkar media təkcə xəbər istehsal etmir, həm də ictimai məsuliyyət daşıyır. Dövlət, milli təhlükəsizlik və milli maraqlarla bağlı məsələlərdə jurnalistikanın əsas meyarı emosiyalar deyil, faktlar, peşə etikası və dövlətçilik məsuliyyətidir. Sosial şəbəkələrdə fəaliyyət göstərən şəxslər müxtəlif maraq qruplarının, siyasi və ya kommersiya təsirlərinin, hətta bəzi hallarda xarici təsir cəhdlərinin hədəfinə çevrilə bilərlər. Bu, yalnız Azərbaycana deyil, bütün dünyaya xas reallıqdır. Məhz buna görə inkişaf etmiş dövlətlər strateji əhəmiyyət daşıyan məsələlərdə təsadüfi informasiya mənbələrinə deyil, peşə standartları ilə işləyən media institutlarına üstünlük verirlər. Ancaq bu reallıq peşəkar medianın mövcud vəziyyətindən razı qalmaq üçün əsas da deyil. Media yalnız keçmiş nüfuzu və ya formal statusu ilə yaşaya bilməz. Cəmiyyətin etimadı hər gün yenidən qazanılır. Azərbaycanda da daha peşəkar, daha müstəqil, daha rəqabətli və daha məsuliyyətli media mühiti formalaşmalıdır. Güclü dövlət yalnız güclü iqtisadiyyat və ordu ilə deyil, həm də etibarlı informasiya məkanı ilə möhkəmlənir. Məsələ sosial şəbəkələrlə medianı qarşı-qarşıya qoymaq deyil. Məsələ peşəkar jurnalistikanı elə səviyyəyə çatdırmaqdır ki, cəmiyyət mühüm məsələlərdə ilk növbədə etibarlı medianın sözünə güvənsin. Bu, həm dövlətçilik maraqlarının, həm də demokratik inkişafın əsas şərtlərindən biridir.