Mətbəənin səssiz qəhrəmanı: Poliqrafçı Muxtar Quliyevlə SÖHBƏT

Əvvəllər insanlar qəzet almaq üçün növbəyə dururdular
Texnologiya nə qədər inkişaf etsə də, çap işlərinin öz yeri, dəyəri və ruhu həmişə qalacaq
O dövrdə çap işi loru dildə desəm "iynə ilə gor qazmaq" kimi idi
Poliqrafiya sahəsi zamanla dəyişən, texnologiyanın təsiri ilə yeni mərhələlərə qədəm qoyan, amma mahiyyət etibarilə zəhmət və dəqiqlik tələb edən bir peşədir. 70 illik ömrünün 50 ilini poliqrafiya sahəsinə həsr edən bir insanla söhbət etmək təkcə bir peşəkarın həyat yolunu deyil, bütöv bir dövrün tarixini öyrənmək deməkdir. Bu müsahibədə uzun illər çətin şəraitdə çalışan, texnologiyanın dəyişdiyi, çap üsullarının yeniləndiyi bir zamanda öz mövqeyini qoruyub saxlayan bir mütəxəssisin həyat və fəaliyyət yolu əks olunur. Təsadüfən başladığı bu peşə zamanla onun üçün bir zəhmət məktəbinə, sonra isə ömür yoluna çevrilib. 70 illik yubileyi ərəfəsində poliqrafçı Muxtar Quliyevlə etdiyimiz bu söhbət həm şəxsi təcrübələrin, həm də poliqrafiya sahəsinin keçmiş və bu gününün dəyərli xülasəsidir.
Sherg.az müsahibəni təqdim edir:
Poliqrafiya sahəsinə gəlmək qərarını necə verdiniz?
Bu sahəyə gəlişim bir qədər təsadüfi oldu. Əslində mənim istəyim dəmir yolu texnikumuna daxil olmaq idi, amma qəbul ola bilmədim. Bu da mənim üçün bir dönüş nöqtəsi oldu. Özümə söz verdim ki, rayona qayıtmayacağam və mütləq bir peşəyə yiyələnəcəyəm. Elə bu axtarış zamanı təsadüfən poliqrafiya texnikumu qarşıma çıxdı. Sənədlərimi verdim və qəbul olundum. Təhsilimi bitirib hərbi xidmətdən qayıtdıqdan sonra yerli sənaye texnikumunun poliqrafiya şöbəsində, yüksək çap üzrə texnoloq fakültəsinə daxil oldum. Eyni zamanda Azərbaycan Nəşriyyatında işləməyə başladım. İşlə yanaşı həmin texnikumu da bitirdim. 1975-ci ildən bu günə qədər bu sahədə çalışıram.
İlk iş gününüz yadınızdadırmı?
Bəli, ilk iş günüm hələ də yadımdadır. Təzə başlamışdım, təcrübəli işçilərin arasında bir az çətinlik çəkirdim. Bəziləri mənə irad bildirirdi. Deyirdilər ki, öz rayonunu qoyub niyə bura gəlmisən? Amma bir-iki nəfər mənə dəstək olur, ürək-dirək verirdi. Deyirdilər ki, narahat olma, zamanla işin düzələr, ev də alarsan, ailə də qurarsan. Həqiqətən də elə oldu. Az maaşa baxmayaraq bu sahədə qaldım və illər keçdikcə gördüm ki, həm işimdə irəliləmişəm, həm də şəxsi həyatımda uğurlar əldə etmişəm. Ev aldım, evləndim. Hazırda da həmin evdə yaşayıram. Bütün bunlar göstərdi ki, peşəmdə sevgiylə işləmişəm.
O illərin çap texnologiyası haqqında nə deyə bilərsiniz?
O dövrdə çap işi loru dildə desəm "iynə ilə gor qazmaq" kimi idi. Mətndəki başlıqlar əllə yığılırdı. Mətnlər linatip maşınlarla yığılır, sonra qurğuşun qəliblərə tökülürdü. Hər səhifə bu şəkildə hazırlanırdı. Sonra kopyası çıxarılır, korrektura üçün təqdim olunurdu. Korrektor onu dəfələrlə oxuyurdu və hər düzəliş üçün yeni qurğuşun xətti hazırlanırdı.
İndiki dövrlə müqayisə etsək, proseslər xeyli asanlaşıb. Sadəcə bir düyməyə toxunmaq kifayətdir. Amma o vaxtlar bir nöqtə və ya vergül səhvinə görə adamları cəzalandırırdılar. Hər şeyin yerli-yerində olması tələb olunurdu. Səhv olmaması üçün hər çapdan sonra ciddi yoxlamalar aparılırdı.
Ancaq işini bilən üçün bütün bunlar o qədər də çətin deyildi.
Texnologiyanın inkişafı sizin işinizə necə təsir etdi?
Texnologiyanın inkişafı çap prosesini tamamilə dəyişdi. Köhnə üsullar demək olar ki, tarixə qovuşdu. Bəziləri bu yeniliyi qəbul edə bilmədi, bəziləri istəmədi, bəziləri isə sadəcə inanmadı. Mən də əvvəlcə inanmadım ki, bu qədər tez kompüterləşməyə keçid olar. Mənə də təklif olundu ki, yeni texnologiyaya keçim. Amma mən tərəddüd etdim.
Nəticədə kompüterlə işləmə metoduna keçmədim. Köhnə texnologiya isə ləğv olunanda poliqrafiyada başqa bir sahəyə üz tutdum.
Gənclərə bu sahəyə gəlməyi tövsiyə edərdinizmi?
Əlbəttə, amma bir şərtlə ki, bu sahəyə həqiqətən marağı olanlar gəlməlidirlər. Təəssüf ki, bu gün poliqrafiya üzrə təhsil alan bəzi gənclər sahəni yaxşı bilçir. Ya dərs keyfiyyəti zəifdir, ya da maraqları yoxdur. Mən bu sahəyə sıfırdan gəlmişəm, istəyərək yox, amma sonradan peşəmi sevmişəm. Lakin elələri var ki, ali təhsil alsalar da, sahə ilə bağlı sadə suallara cavab verə bilmirlər.
İş həyatınızda qarşılaşdığınız ən maraqlı hadisə nə olub?
Belə hadisələr çox olub. Bəzən adi bir səhvə görə rəhbərlik işçiləri qorxudurdu. Amma mən qorxmurdum, özümə və işimə güvənirdim. Bir dəfə qadın həmkarım ciddi bir səhv etdi. Rəhbərlik dedi ki, əgər səhv düzəlməsə, işdən çıxmaq üçün ərizə yazmalıdır. O, məndən daha təcrübəli idi, 20-30 illik təcrübəsi vardı. Mən isə cəmi 2-3 il idi ki, işləyirdim. Amma mən ona kömək etdim, səhvini düzəltdik. Bu, mənim üçün həm maraqlı, həm də unudulmaz hadisələrdən biridir.
Yubileyiniz münasibətilə nə hiss edirsiniz?
Çox xoşbəxtəm. Bu sahədə 50 illik fəaliyyətim tamam olur, həm də 70 yaşım tamamlanır. Təzə işə başladığım vaxt böyük yaşlı işçilərə baxıb düşünürdüm ki, görəsən mən də 30-50 il bu sahədə işləyə bilərəmmi? Amma bütün çətinliklərə baxmayaraq səbir və zəhmətlə bu günə gəlib çatdım. Heç vaxt peşman olmadım. Bu peşədə çalışdığım üçün qürur duyuram.
Poliqrafiyanın gələcəyini necə görürsünüz?
Əvvəlki illərlə müqayisədə poliqrafiya sahəsinə, xüsusən qəzet və jurnallara maraq azalıb. Əvvəllər insanlar qəzet almaq üçün növbəyə dururdular. “Bakı-Baku” qəzeti vardı, çox oxunan qəzet idi. Həmçinin “Şərq” qəzetinin fəaliyyətə başlamasında da mənim əməyim olub, müəyyən məsələlərdə kömək etmişəm.
Amma bu gün rəqəmsal dövr başladığı üçün ənənəvi çap məhsullarının cəlbediciliyi azalıb. Hər halda texnologiya nə qədər inkişaf etsə də, çap işlərinin öz yeri, dəyəri və ruhu həmişə qalacaq.
"Şərq" qəzeti redaksiyası adından Muxtar Quliyevi 70 illik yubileyi və poliqrafiya sahəsində 50 illik səmərəli fəaliyyəti münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar arzulayırıq.

Qalereya