12 günlük müharibə yox, uzunmüddətli hərbi əməliyyat yaxınlaşır - MÜSAHİBƏ

Bu müharibə İrandakı fars molla rejiminin çöküşünə səbəb olacaq

İran ilə ABŞ arasında davam edən gərgin münasibətlər, Yaxın Şərqi sözün əsl mənasında, “saatlı bomba”ya çevirib. Omanın vasitəçiliyi ilə Cenevrədə nüvə proqramı çərçivəsində, keçirilən danışıqların nəticəsiz başa çatması, vəziyyəti daha mürəkkəb mərhələyə saldı. Danışıqlardan öncə İranın İslam İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazında təlimlərə başlaması, rəsmi Tehranın mümkün ssenarilərə hazırlaşdığını ortaya qoydu. Cenevrə görüşlərindən sonra, ABŞ-nin Hörmüz üzərində kəşfiyyat uçuşu həyata keçirməsi isə mümkün hücum ehtimallarına dair şübhələri artırdı. Tərəflər arasında növbəti görüşün fevralın 27-də yenidən Cenevrə şəhərində keçirilməsi planlaşdırılır.

Mövzu ilə bağlı politoloq Elşad Həsənovun Sherg.az-a verdiyi müsahibəni təqdim edirik:

- Bilirsiz ki, ABŞ Yaxın Şərqə dayanmadan hərbi qüvvə göndərir. Hətta Vaşinqton, İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarında, hərbi təyyarələrin sayını xeyli artırıb. ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırması İrana real hücum hazırlığıdır, yoxsa Tehranı nüvə proqramı ilə bağlı danışıqlarda güzəştə məcbur etməyə yönəlmiş strateji təzyiq vasitəsidir?

- Bütün bu addımlar İranın nüvə proqramından imtina etməsinə və ballistik raket proqramını dayandırmasına yönəlib. İranın xarici işlər naziri Abbas Əraqçi isə son çıxışında, ölkəsinin nüvə proqramından geri çəkilməyəcəyini bəyan edib. O bildirib ki, uranın zənginləşdirilməsi yalnız tibbi və enerji məqsədlərinə xidmət edir. Başqa sözlə, Əraqçi nüvə proqramının hərbi deyil, mülki və dinc xarakter daşıdığını vurğulayır. İran prezidenti Məsud Pezeşkian da ötən gün, nüvə silahına sahib olmaq istəmədiklərini, hətta Ali Lider Əli Xameneinin nüvə silahını qadağan edən fətvasına əməl etdiklərini bildirmişdi. Lakin Pezeşkian nüvə proqramının davam etdirilməsinin ölkəsinin suveren hüququ olduğunu da diqqətə çatdırır. Ötən il baş vermiş 12 günlük müharibədən fərqli olaraq, bu dəfə ABŞ daha sərt təzyiq siyasəti yürütməyə çalışır ki, İran nüvə proqramından tamamilə imtina etsin. Lakin Tehran da mövqeyindən geri çəkilmək niyyətində deyil.

- Tərəflər arasında müharibə başlasa 12 günlük qarşıdurma kimi qısa çəkər, yoxsa İran boyun əyənə kimi davam edə bilər?

- İran tərəfi müharibə istəmədiyini bəyan etsə də, ABŞ-nin mümkün hücumu halında cavab vermək məcburiyyətində qalacağını da dilə gətirirlər. Təbii ki, İran Amerikanı vurmaq gücündə deyil. Hətta bunu, A.Əraqçi də bildirmişdi. Müaribə başlasa, İran ABŞ-nin Yaxın şərqdə olan hərbi bazalarına zərbələr endirəcək. Ona görə də ABŞ müharibəyə daha ciddi hazırlaşır. Yaxın şərqdəki, bazalarına raketlər və qırıcı təyyarələr göndərir. Yüz min ton ağırlığında, böyük ford gəmisi Yaxın Şərqə doğru irəliləyir. Əgər tərəflər arasında müharibə başlasa, ABŞ İranın nüvə obyektərini və SEPAH-ın yerləşdiyi hərbi bazaları vuracaq. Eyni zamanda, İranın siyasi rəhbərlərini, gizləndikləri sığınacaqları, müəyyən edərək hədəf alacaq. Hətta ABŞ mətbuatı yazır ki, biz Əli Xamneyi və ailəsinin harada gizləndiyini də bilirik. Yəni ilk hücum əməliyyatları strateji obyektləri məhv etməyə xidmət edəcək. Daha sonra, güclü hərbi əməliyyat keçirmək üçün Yaxın Şərqə yığdığı, qüvvələrdən istifadə etməyə başlayacaq. ABŞ-nin quru qoşunlarını da əməliyyata cəlb edəcəyinə inanmıram. Lakin bu dəfəki qarşıdurma 12 günlük müharibə kimi qısa yox, uzunmüddətli əməliyyata çevriləcək. Bu müharibə İrandakı fars molla rejiminin çöküşünə səbəb olacaq.

- İran ABŞ-nin hücum ehtimalını azaltmaq üçün Rusiya və Çinlə Oman körfəzi və Hind okeanında birgə hərbi təlimlər keçirir. Tərəflər arasında mümkün müharibə ehtimalında, Rusiya və Çin İrana yardım əli uzadacaqmı?

- Nəzərdən qaçırmamalıyıq ki, dünya yenidən qütbləşmə mərhələsinə qədəm qoyur. Artıq Çin də İranın proksi qüvvəsi kimi meydana çıxıb. Yəni Pekin rəhbərliyi çox yaxşı başa düşür ki, növbəti böyük qarşıdurma ABŞ ilə Çin arasında gərginliyin artması ilə müşayiət oluna bilər. Dünyanın qlobal güc balansında əsas aktorlar Çin və ABŞ-dir. Artıq Rusiya arxa plana keçib. Bu baxımdan, Çin İran-ABŞ qarşıdurmasından faydalanmağa çalışır. Ona görə də gərginlik başladığı andan etibarən, Çin gizli şəkildə İrana hərbi dəstək göstərir. Paralel olaraq, Rusiya da öz hava hücumundan müdafiə sistemlərini İrana göndərir. Bu nöqteyi-nəzərdən, Çin və Rusiya ABŞ ilə birbaşa hərbi qarşıdurmaya girməsələr də, onu zəiflətmək məqsədilə İrana lazımi dəstəyi göstərəcəklər.

- İranın Ali dini lideri Əli Xamenei öləcəyi təqdirdə, hökumətin işi ilə bağlı plan hazırlatdırır. Sizcə, ABŞ Venesuela prezidentinə etdiyi kimi, Xamneyini əməliyyatla götürməyə çalışacaq yoxsa kəşfiyyat orqanları vasitəsilə yerini müəyyən edərək bombalayacaq?

- Amerikanın Əli Xamneyini, Maduro kimi aradan götürmək üçün planlarlar hazırladığı doğrudur. İran daxilində də Xamneyi rejiminə qarşı müxalif olan qüvvələr var. Əhalinin böyük əksəriyyəti indiki rejimin siyasətindən narazdırlar. Çünki, Əli Xamnei və ətrafı İran xalqının var-dövlətini çapıb-talıyır. İran dövlətninin 124 milyard funt sterlinq dəyərində sərvəti, Xamneyinin oğlunun adına London banklarında saxlanılır. Onun yaxın çevrəsinə aid şəxslərin var-dövləti də, Avropa və ABŞ banklarında yerləşdirilib. Əhalinin isə sosial durumu ağır vəziyyətdədir. Vaşinqtonun İrandakı kəşfiyyat imkanları çox genişdir. Ona görə bu gün ABŞ-nin İranda Venesuelada keçiriyi əməliyyat kimi tədbir görmək potensialı var. SEPAH-ın ciddi-cəhdlə Xamneyi və ailəsini qorumağa çalışmasına baxmayaraq, Vaşinqton müasir silahlardan, istifadə etməklə rəhbərliyə qarşı əməliyyat ssenarilərini nəzərdən keçirir.

- Fevralın 27-də ABŞ və İran arasında Cenevrədə növbəti görüşün keçirilməsi planlaşdırılır. Bu dəfəki danışıqlar tərəflər arasında ortaq məxrəcə gəlmək üçün real imkan yarada bilərmi?

- İranın xarici işlər naziri Abbas Əraqçi, sanksiyalar nə qədər tez ləğv edilsə, İran üçün bir o qədər yaxşı olacağını qeyd etmişdi. Hətta, mümkün razılaşmanı gecikdirmək üçün heç bir səbəblərinin olmadığını da açıqladı. İran hal-hazırda, ABŞ ilə razılığa gəlmək üçün sənəd üzərində işləyir. Rəsmi Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı nəzərdən keçirə bilər. Tərəflər nüvə proqramı üzrə ortaq məxrəcə gəlsələr, danışıqlar uğurlu ola bilər. Əks təqdirdə ABŞ dayandığı mövqedən əl çəkən deyil.

Aybəniz Səfərova