ABŞ kürdləri İrana qarşı quru əməliyyatına hazırlayır - İsmail Cingöz

"Əgər İran rəhbərliyi həqiqətən Türkiyə və Azərbaycana qarşı hücum etməyi gözə alıbsa, bu onlar üçün “intihar” olacaq"

İran, ABŞ və İsrail arasında gərginliyin müharibə mərhələsinə keçdiyi bir dövrdə İraqda fəaliyyət göstərən İran mənşəli kürd təşkilatlarının münaqişəyə qoşula biləcəyi ehtimalı gündəmi zəbt edib. Beynəlxalq mediada yer alan məlumatlara görə, bəzi silahlı kürd qrupları İranın qərbindəki vilayətlərə qarşı quru əməliyyatı planlarını müzakirə edirlər. Siyasi analitiklər, senarinin arxasında ABŞ prezidenti Donald Trampın dayandığını iddia edir. Lakin bu ittihamlar əsassız deyil. Ağ Evin sözçüsü Kerolayn Levit iddialardan sonra Trampın, kürd liderlərlə görüş keçirdiyini təsdiqləyib. Diqqət çəkən digər məqam isə ABŞ liderinin martın 5-də “Reuters” agentliyinə verdiyi açıqlamadır. Tramp müsahibəsində, kürd qüvvələrinin İrana qarşı hücuma başlamasını dəstəklədiyini bildirib. Kürdlərin İrana qarşı mümkün quru əməliyyatlarında iştirakı və müharibənin regionda yarada biləcəyi təhlükəli nəticələrlə bağlı beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a fikirlərini bölüşüb.

Onunla müsahibəni təqdim edirik:

- İsmayıl bəy, son zamanlar İraqda yerləşən, kürd qruplarının ABŞ ilə danışıqlar apararaq, İranın qərbində quru əməliyyatı başladacaqları iddia olunur. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

- İraqın keçmiş prezidenti Cəlal Tələbani və İraq Kürdüstan Regional Hökumətinin keçmiş başçısı Məsud Bərzani uzun illər ABŞ ilə əməkdaşlıq münasibətləri qurublar. Vaxtilə C.Tələbaninin İraqda prezident vəzifəsinə qədər yüksəlməsi və hazırda Bərzani rəhbərliyinin İraqın şimalında mövcudluğunu davam etdirməsi ABŞ-nin siyasi dəstəyinə əsaslanır. Hazırda ABŞ-nin Tələbaninin iki oğluna dəstək verdiyinə dair məlumatlar var. Xatırlayırsınızsa, ABŞ İrandakı etirazlarda hökumət əleyhinə çağırışlarla, xalqın dəstəyini qazana bilməmişdi. Vaşinqton çox yaxşı anlayır ki, onun çağırışlarına yalnız kürd siyasi-hərbi strukturları aldana bilər. 

- Kürd silahlı dəstələri, nəyin qarşılığında İrana hücum etməyi gözə alır?

- ABŞ İran məsələsində kürdərə vədlər verib. 1946-cı ildə İran ərazisində “Mahabad Respublikası” adlı kürd dövləti yaradılmışdı. Vaşinqton kürd qruplarına “əgər bizi dəstəkləsəniz, Suriya və İraqda PKK-nı necə formalaşdırmışıqsa, İranda da Mahabad Respublikasını bərpa etmək üçün imkan yarada bilərik” mesajı vermiş ola bilər. Bununla da onları İrana qarşı hərbi əməliyyata yönləndirməyə çalışır. Eyni zamanda, Türkiyə və Suriyadan geri çəkildiyini bəyan edən PKK terror təşkilatının İranla əlaqəli qanadı da ABŞ-nin yanında yer alaraq, proseslərə qoşula bilər. İran müharibənin sonunda zəifləyən tərəf kimi danışıqlar masasına əyləşməyə məcbur olsa, kürd silahlı dəstələrinin hücumları ilə qarşılaşacaq. Onsuz da ABŞ, Böyük Britaniya və bəzi Avropa dairələri arasında Mahabad Respublikasının yenidən yaradılması ilə bağlı planlar müzakirə olunur. Bu ideyanı vaxtilə Rusiya da dəstəkləyib. 

- Kürd silahlı dəstələrinin İranda hərbi üstünlük əldə etməsi, qonşu ölkələrə, xüsusən də Azərbaycanla Türkiyəyə necə təsir göstərər?

- Mahabad Respublikasının yenidən qurulması İranla yanaşı Azərbaycan və türk dünyası üçün ciddi təhlükəyə çevrilə bilər. Çünki həmin qurumun ərazisi Naxçıvanın cənubundan İraqa qədər uzanaraq, “xəncər” formasında geosiyasi xətt yarada bilər. Bu isə Türkiyənin İrandakı türk əhalisi ilə quru əlaqəsinin kəsilməsi riskini ortaya çıxarır. Bu zaman, qonşu ölkələr terrorçuların təxribatçı əməllərinə məruz qalacaq. Lakin mövcud geosiyasi şəraitdə Türkiyə belə bir senarinin reallaşmasına imkan verməz.

- Kürdlərin koalisiya şəklində İranı ələ keçirmək potensialı varmı?

- Terrorçu qrupların İranın bütün ərazisini nəzarətə götürməsi mümkün deyil. İran xalqı buna heç vaxt imkan verməz. Çünki İran qədim dövlətçilik ənənələrinə malik bir ölkədir. Zahirdə fars mədəniyyətinin üstün olduğu təsəvvürü yaransa da, əslində ölkə tarixində Qəznəvilər dövründən formalaşan güclü türk siyasi-sosial təbəqəsi var. Ölkə 1925-ci ilə qədər əsasən türk mənşəli sülalə tərəfindən idarə olunub. 

- Bilirsiniz ki, Azərbaycanla Türkiyə İranla normal münasibətlərə malikdir. Belə bir şəraitdə İran ordusunun ard-arda ölkələrimizi hədəfə almasına səbəb nədir?

- Hadisələrə hərtərəfli baxmaq lazımdır. Çünki ABŞ İranı sıradan çıxarmaq üçün bir neçə varianta əl ata bilər. İran ordusunda ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əlaqəli şəxslərin bu hadisəyə alət olunması ehtimalını da nəzərdən keçirməliyik. Yəni, İranın təhlükəsizlik strukturlarına sızmış İsrailin “Mossad” və ABŞ-nin “CIA” gentlərinin təxribat törətməsi ehtimalı istisna edilmir. Türkiyə NATO-nun üzvü olduğuna görə, ABŞ bu hadisəni “Türkiyəyə qarşı hücum” kimi qələmə verib, NATO-nun 32 üzv dövlətini İranla qarşıdurmaya cəlb etmək üçün siyasi əsas formalaşdıra bilər. Bununla paralel olaraq, 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinə əsasən, tərəflər təhlükəsizlik məsələlərində birlikdə hərəkət etməyi öhdələrinə götürüblər. Belə bir senari baş verərsə, Türkiyənin Azərbaycanla birlikdə İrana qarşı hərbi addımlar atması ehtimalı da ortaya çıxa bilər. Hər iki halda ABŞ İranı sıradan çıxarmaq istiqamətində strateji məqsədinə nail olmuş sayılacaq. 

- Azərbaycan Türkiyə ilə birlikdə İrana qarşı hərbi əməliyyatlara qoşularsa, proseslərin regional və siyasi nəticələri necə olar?

- Əgər İran rəhbərliyi həqiqətən Türkiyə və Azərbaycana qarşı hücum etməyi gözə alıbsa, bu onlar üçün “intihar” olacaq. Çünki biz İsrail və Amerikaya bənzəmirik. Türk ordusu İrana qoşun yeritsə, sonu rejim dəyişikliyi ilə bitəcək. İran rəsmiləri ölkədə yaşayan 45 milyon türk əhalinin də bizə qoşulacağını nəzərə almalıdır.  

- İranla ABŞ-nin mövcud hərbi potensialı uzunmüddətli müharibəyə tab gətirə bilərmi?

- İran müharibədən öncə 5 min uzun mənzilli hipersəs raketə malik olduğunu açıqlasa da, ABŞ-lə müqayisədə xeyli zəifdir. Əslində İranın təxminən 3 min hipersəs raketinə sahib olduğu ehtimal edilir. Ölkənin qısa mənzilli ballistik raketlərinin sayı isə kifayət qədər çoxdur. Rəsmi Tehran, uzun mənzilli hipersəs raketinlərinin mühərriklərini əsasən Şimali Koreyadan gətirir. Əgər İran tədarük zəncirində problem yaşasa, yeni raketlərin istehsalında çətinliklə üzləşəcək. ABŞ isə hərbi baxımdan üstün mövqedə olsa da, ölkə daxilində siyasi problemlər mövcuddur. Donald Tramp daxili siyasətdə çətinliklərlə üz-üzədir. O, demokratlardan lazımi dəstəyi ala bilmir. Bundan əlavə, ölkə xarici siyasət cəhətdən, Qrenlandiya, Venesuela, Panama, Kanada və Çinlə rəqabət mühitindədir. Həmçinin Tramp Avropa və NATO ölkələrindən arzuladığı kimi dəstək ala bilmir. Ən mühüm məsələlərdən biri isə ABŞ-nin maliyyə vəziyyəti ilə bağlıdır. Ölkənin xarici borcu artıq 39 trilyon dollara çatıb. Borcun ödənilməsi getdikcə daha çətin olacaq. Müharibə başlayandan bəri, ABŞ-nin hərbi xərcləri 2,5 milyard dollara çatıb. İsrailin hərbi xərclərinin də müəyyən hissəsi ABŞ tərəfindən qarşılanır. Maliyyə yükü ABŞ-nin uzunmüddətli müharibə aparmasını çətinləşdirə bilər. Ona görə də müharibə uzansa, ABŞ zərərli çıxacaq.

- Münaqişə uzanarsa, İranın müttəfiqlərinin də prosesə qoşulması ehtimalı varmı?

- Çin İrana siyasi baxımdan dəstək versə də, müharibəyə qoşulmayacaq. Rusiya isə hazırda Ukrayna ilə müharibə apardığı üçün İrana hərbi yardım etmək imkanına malik deyil. Helə rəsmi Moskva ötən ay İrandan 3 milyard dollar dəyərində ballistik raket almışdı. Bu səbəbdən İran döyüş meydanında tək qalmış vəziyyətdədir. Uzunmüddətli müharibə Tehran üçün də ciddi çətinliklərə yol açacaq.

- İran ordusunun Yaxın Şərq ölkələrini hədəfə almasını necə qiymətləndirirsiniz? 

- İranın özünümüdafiə məqsədilə ABŞ hərbi bazalarının yerləşdiyi, region ölkələrini hədəf almasının arxasında bir sıra səbəblər dayanır. İran ordusu region ölkələrini münaqişəyə cəlb etməklə onları ABŞ-yə qarşı qışqırtmağa çalışır. Rəsmi Tehran, Körfəz ölkələrinin Vaşinqtona “sizin ucbatınızdan ərazilərimiz zərbələrə məruz qalır” kimi təzyiq göstərməsini gözləyirdi. Lakin planı baş tutmadı.

- Kürdlərlə ABŞ ordusunun quru əməliyyatlarına əsasən İranı nəzarət altına almaq ehtimalı varmı?

- Quru əməliyyatı olmadan İranı məğlub etmək mümkün deyil. Lakin Bərzani və İraqdakı kürd silahlı qruplarının, yerüstü əməliyyatla, İranı ələ keçirməsi də imkansızdır. Çünki İran ərazi baxımından çox böyük dövlətdir. İran ilə Ərəbistan yarımadası arasında Bəsrə körfəzi yerləşir. Körfəzin ətrafında geniş səhralar var. Belə bir coğrafi şəraitdə quru əməliyyatı aparmaq, Amerikan əsgərləri üçün də çətin olacaq. ABŞ ordusu, İrana daxil olsa belə, rüsvay vəziyyətə düşəcək. Donald Tramp bunun hesabını Amerika xalqına verə bilməz. Bütün riskləri nəzərə almaqla, tərəflər atəşkəs və sülh çərçivəsində problemləri həll etməlidirlər.