Fransa etirazları təkcə güc yolu ilə dayandıra bilməz - Politoloq (MÜSAHİBƏ)

  • Həyat bahalılığı, sosial narazılıq, təhsil böhranı - Fransa hökumətini çətin seçim gözləyir

Fransada baş verən iğtişaşlar, ictimai asayişin qorunması və sosial narazılıqlar ölkədəki siyasi və ictimai vəziyyəti yenidən gündəmə gətirib. Prezident Emmanuel Makronun hadisələrlə bağlı açıqlamaları, etirazların səbəbləri və hakimiyyətin atmalı olduğu addımlar əsas müzakirə mövzularıdır. 

Mövzu ilə bağlı politoloq Elmira Talıbzadə Fransadakı vəziyyət, hökumətin mövqeyi və Avropa institutlarının insan hüquqları məsələləri ilə bağlı Sherg.az-ın suallarını cavablayıb: 

-Fransada baş verən iğtişaşları və cəmiyyətdə artan narazılığı necə qiymətləndirirsiniz?

-Fransadakı vəziyyəti qiymətləndirərkən bir məqamı xüsusi vurğulamaq lazımdır ki, ictimai asayişin pozulmasına qarşı mübarizə aparmaqla vətəndaşların etiraz hüququnu qorumaq eyni dərəcədə vacibdir. Axı Fransanı hər zaman “narahat edən” suallar bunlardılar, əsasən də öz dövlətlərindən kənar. Əlbəttə ki, polisə hücumlar və əmlakın dağıdılması yolverilməzdir. Bununla yanaşı, hakimiyyətin güc tətbiqi zamanı qanun çərçivəsində hərəkət edib-etmədiyi, saxlanılmaların əsaslı olub-olmadığı və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması da araşdırılmalıdır. Fikirimcə, “demokratik idarəçilik” yalnız küçələrdə asayiş yaratmaq bacarığı ilə ölçülmür. Dövlətin narazılığın səbəblərini anlamaq və öz hərəkətlərinə görə hesabat vermək qabiliyyəti də mühüm meyardır. Azərbaycan baxımından isə bu hadisələr Avropanın siyasi yanaşmalarında ardıcıllıq məsələsini yenidən gündəmə gətirir. İkinci Qarabağ müharibəsindən sonrakı beş il ərzində Avropa Parlamentinin Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi, bu qurumun ölkəmizə nə qədər intensiv “diqqət ayırdığını” göstərir. Azərbaycanla bağlı tənqidi mövqe bildirməkdə fəal olan Avropa parlamentarilərinin Fransa daxilindəki problemlərə münasibəti də eyni prinsipiallıqla qiymətləndirilməlidir. Məncə, əsas sual budur ki, insan hüquqları və demokratiya məsələləri bütün ölkələr üçün eyni meyarlarla nəzərdən keçirilir, yoxsa dövlətin Avropa İttifaqına üzv olması ona daha yumşaq münasibət göstərilməsi ilə nəticələnir? Nə dərəcədə bu yanaşma ədalətlidir? Prinsiplər həqiqətən universaldırsa, onların tətbiqində siyasi yaxınlıq fərq yaratmamalıdır.

-Emmanuel Makronun iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağı və dəymiş ziyana görə təzminat tələb ediləcəyi ilə bağlı açıqlamasını necə qiymətləndirirsiniz? Bu yanaşma Fransada ictimai asayişin bərpasına nə dərəcədə təsir göstərə bilər?

-Hüquqi dövlətin vəzifəsi yalnız cəza tətbiq etməklə bitmir. Həm də hər bir şəxsin hüquqlarının qorunmasını təmin etməkdir. Buna görə də məsuliyyət konkret əməllər və sübutlar əsasında müəyyənləşdirilməli. Digər tərəfdən, hakimiyyət özü də hüquqi qiymətləndirmədən kənarda qala bilməz. Əgər nümayişlər zamanı polisin qeyri-mütənasib güc tətbiq etməsi, əsassız saxlanılmalar və ya azyaşlılarla rəftarla bağlı əsaslı şübhələr varsa, bunlar müstəqil şəkildə araşdırılmalıdır. Dövlətin güc strukturlarının mümkün qanun pozuntularına göz yumulması cəmiyyətin hakimiyyətə azdan-çoxdan qalan etimadını daha da zəiflədəcək. Məhz burada Avropa institutlarının öz yanaşmalarına yenidən baxmasına ehtiyac var. Azərbaycanla bağlı müzakirələrdə ayrı-ayrı şəxslərə, yəni, fiziki şəxslərə qarşı sanksiyalar, aktivlərin dondurulması və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması kimi məsələlər qaldırılırsa, Fransada mümkün ciddi hüquq pozuntuları ilə bağlı da müvafiq hüquqi mexanizmlərin nəzərdən keçirilməsi istisna edilməməlidir. Avropa İttifaqının qlobal insan hüquqları sanksiyaları mexanizmi də belə tədbirlərin hüquqi çərçivəsini müəyyən edir. Burada söhbət Fransanı əvvəlcədən təqsirli elan etməkdən deyil, mümkün pozuntuların siyasi mənsubiyyətə və ya dövlətin beynəlxalq nüfuzuna baxılmadan araşdırılmasından gedir.

Fikrimcə, bugün də Avropanın əsas sınağı məhz özünün qəbul etdiyi standartları yalnız kənardakı ölkələrə münasibətdə yox, öz üzvlərinə münasibətdə də tətbiq etməkdir. Əks halda, hüquqi məsuliyyət və insan hüquqları prinsipləri universal norma olmaqdan çıxaraq siyasi şəraitdən asılı mexanizmə çevrilir.

-Makron bir tərəfdən iğtişaşçılara qarşı sərt mövqe nümayiş etdirir, digər tərəfdən isə vətəndaşların yaşayış xərcləri və yanacağın qiymətinin artması ilə bağlı narahatlıqlarını əsaslı hesab edir. Sizcə, Fransa hakimiyyəti ictimai narazılığın əsas səbəblərini aradan qaldırmaq üçün hansı addımları atmalıdır?

- Fransa hökuməti problemin yalnız təhlükəsizlik tədbirləri ilə həll edilə bilməyəcəyini qəbul etməlidir. Etirazların arxasında həyat bahalılığı, sosial xidmətlərin keyfiyyəti və təhsil sistemi ilə bağlı narazılıqlar dayanırsa, bu məsələlərə konkret cavab verilməlidir. Bu problemlərə artıq göz yumula bilməz. Fransa digər dövlətlərin xarici siyasətinə qarışmağdansa, özlərində baş verən proseslərə daha intensiv yanaşsaydı, bu problemləri vaxtında kökündən kəsmiş olardı. Hökumət əhalinin gündəlik xərclərini yüngülləşdirəcək tədbirlər görməli, təhsil sahəsindəki problemlərin həlli üçün aydın plan təqdim etməli, tələbələr, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti ilə nəticə verən dialoq qurmalıdır. Bununla yanaşı, Avropa institutlarının öz üzvlərinə münasibətdə hansı mövqe tutacağı da əhəmiyyətlidir. Bir daha qeyd edim ki, Avropa Parlamenti Azərbaycanla bağlı ardıcıl qətnamələr qəbul edərkən demokratiya, hüquqi məsuliyyət və siyasi tədbirlər məsələlərini gündəmə gətirdi, hələ də gətirir. Bu əsassız proses yaxın zamanlarda bitəcək. Fransa ilə bağlı oxşar narahatlıqlar yarandıqda isə bu institutların hansı addımları atacağı onların bəyan etdiyi prinsiplərin nə dərəcədə ardıcıl olduğunu göstərəcək. Avropa Komissiyası öz səlahiyyətləri çərçivəsində əsas hüquqlarla bağlı məsələləri qiymətləndirə, Avropa Şurasının müvafiq qurumları isə polis əməliyyatlarının mütənasibliyi və yetkinlik yaşına çatmayanlarla rəftar kimi məsələləri araşdırmalıdır. Əgər ciddi pozuntular barədə etibarlı sübutlar və hüquqi əsaslar ortaya çıxarsa, məsul şəxslərə qarşı fərdi məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü də müvafiq prosedurlara uyğun nəzərdən keçirilməlidir. Mən bunları xüsusilə qeyd edirəm. Çünkü bizim üçün məsələnin mahiyyəti Avropa ilə qarşıdurma yaratmaq deyil, bərabər yanaşma tələb etməkdir. İnsan hüquqları ölkələrin siyasi çəkisinə görə qiymətləndirilirsə, bu, həmin prinsiplərin etibarlılığına zərbə vurur. Avropa institutları üçün inandırıcılığın əsas şərti başqalarına hansı tələbləri irəli sürürlərsə, onları öz üzvlərinə münasibətdə də tətbiq etmələridir. Hətta daha geniş maştablarda...Fransa bu baxımdan istisna olmamalıdır. Nə Avropa İttifaqına üzvlük, nə də beynəlxalq siyasi nüfuz hüquqi hesabatlılıqdan üstün tutulmalıdır.