Elxan Şahinoğlu: Gələcəkdə regionda İran adlı dövlətin mövcudluğu belə şübhə altındadır -SÖHBƏT

İsrail İranın hərbi gəmilərinə zərbələr endirməklə Xəzər dənizini də müharibənin tərkib hissəsinə çevirdi

Yaxın Şərq əvvəllər də “barut çəlləyi” olub, amma heç vaxt bu gərginlik Üçüncü Dünya müharibəsinə gətirib çıxarmıyıb

İran, ABŞ və İsrail arasında davam edən müharibə artıq 21-ci gününə qədəm qoyub. Müharibə uzandıqca, İranda öldürülən yüksək rütbəli rəsmilərin sayı da artır. Hücumların ilk mərhələsində ali rəhbərin öldürülməsi ilə başlayan proses, kəşfiyyat naziri, Milli Təhlükəsizlik Şurasının katibi və SEPAH generalının aradan götürülməsi ilə davam edir. İran hazırda İsrail tərəfindən həm hava, həm də quru istiqamətlərində sıxışdırılmış vəziyyətdədir. Artıq İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İranın hərbi gəmilərinə də zərbələr endirir. Gərgin proseslərin Xəzəryanı ölkələrə sıçrayacağına dair şübhələr var. İran ordusunun ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi bazalarını bombalamağa davam etməsi prosesləri çıxılmaz vəziyyətə gətirib. Hadisə ilə əlaqədar 12 ərəb və müsəlam ölkəsi Səudiyyə ərəbistanın rəhbərliyi altında toplantı keçiriblər. Onlar İranın düşmənçilik hərəkətlərini dayandırmaması halında, cavab tədbirləri görəcəklərini açıqlayıblar. Yaxın Şərq ölkələrinin gərgin münasibətindən yararlanan Vaşinqton, BƏƏ, küveyt və İordaniyaya 16 milyard dollar dəyərində silah satıb. Ərəb ölkələrinin İrana qarşı birləşmə ehtimalı münaqişənin daha geniş coğrafiyaya yayılma riskini gücləndirir.

Müharibənin doğuracağı fəsadları və qonşu ölkələrin İrana münasibətini təhlil etmək məqsədilə politoloq Elxan Şahinoğlu Sherg.az-la fikirlərini bölüşüb.

Onunla müsahibəni təqdim edirik:

Elxan bəy, məlumdur ki, İran rəhbərliyinə aid şəxslərin mövqeləri asanlıqla aşkarlanaraq bombardman edilir. Bu vəziyyət, İranın təhlükəsizlik sahəsindəki boşluqlarını hansı amillərlə izah etməyə imkan verir?

- İranda təhlükəsizlik sistemi çox zəifdir. İsrail və ABŞ ölkənin Hava Hücumundan Müdafiə Sistemini sıradan çıxarıb. İsrailin İranda çox güclü “casus şəbəkəsi” mövcuddur. İllərlə İranın yüksək vəzifələrində yer tutan agentlər, atom elektrik stansiyasının aparıcı alimlərinin öldürülməsində İsrailə kömək ediblər. Hazırda İranda rəhbər fiqurların olduğu məkanların bombalanmasında da “casus şəbəkəsi”nin əli var. İsrailin müdafiə naziri İsrael Katz, Baş nazir Benyamin Netanyahu ilə birlikdə orduya istənilən yüksəkvəzifəli İran rəsmisini zərərsizləşdirmək barədə əmr veriblər. İsrailin kəşfiyyat xidmətinin səyi ilə ölən rəsmilərin sayı daha da artacaq.

- Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri vəziyyətin kəskinləşəcəyi təqdirdə, İrana cavab verəcəklərini bildiriblər. Yaxın zamanda Körfəz ölkələri İrana qarşı birləşə bilərmi?

- Artıq Səudiyyə Ərəbistanının rəhbərliyi altında, 12 ərəb və müsəlman ölkəsi toplantı keçirdilər. İclasa Azərbaycanın xarici işlər naziri də dəvət olunmuşdu. Yaxın Şərq ölkələri İrana kollektiv cavab tədbirləri haqqında müzakirə aparıblar. Çünki İran ABŞ hərbi bazaları adı altında, dayanmadan Körfəz ölkələrini bombalayır. Bu proses davam edərsə, ərəb ölkələri birləşərək İrana qarşı adekvat cavab tədbirləri barədə yekun qərara gələcəklər. 

- İsrail Xəzər dənizində Bəndər-Ənzəli limanında İranın hərbi dəniz qüvvələrinə zərbələr endirib. Bilirsiniz ki, Xəzərin ətrafında Azərbaycan da daxil olmaqla 5 ölkə mövcuddur. Gərginliyin Xəzəryanı ölkələrə də yayılma riski varmı?

- İsrail İranın hərbi gəmilərinə zərbələr endirməklə Xəzər dənizini də müharibənin tərkib hissəsinə çevirdi. Endirilən zərbələr Xəzəryanı ölkələrə də düşə bilər. 2018-ci il 12 avqust tarixində Xəzəryanı dövlətlər olan, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalayıblar. Bu konvensiya Xəzərin rəsmi “sülh və əməkdaşlıq zonası” kimi qorunmasının hüquqi əsasını təşkil edir. İran ordusu onsuz da Türkiyə və Azərbaycanı hədəf alaraq bölgədə eskalasiyanı artırıb. Əgər yanlışlıqla və ya qəsdən Xəzəryanı ölkələrə zərbələr endirilərsə, regiondakı sakitlik ciddi şəkildə pozulacaq.

- ABŞ prezidenti Donald Tramp Hörmüz boğazındakı vəziyyətə görə bir neçə Avropa ölkəsi ilə birləşərək boğaza hərbi gəmilər göndərəcəyini bildirib. Bununla bağlı nə düşünürsünüz?

- Avropa ölkələri bölgəyə hərbi gəmilərini göndərməyəcəklərini açıqlayıblar. Çünki bu ölkələr Hörmüz boğazına ordu göndərməklə müharibəyə qarışacaqlarını yaxşı başa düşürlər. ABŞ hər il NATO hərbi xərclərinin təxminən 70%-ni qarşılayır. Alyansın hərbi layihələrinə ən çox maliyyə dəstəyi verən Amerikadır. Buna baxmayaraq ağır vəziyyətində ona kömək əli uzadan yoxdur. Çünki Avropa ölkələri bu münaqişəni özlərinə aid məsələ kimi qəbul etmirlər. Onsuz da Ukrayna müharibəsi Avropanı yorub. Hazırkı vəziyyətdə, Avropa İttifaqının ABŞ-yə Ukraynanı maliyyə və hərbi texnika ilə təmin etdiyi kimi dəstək göstərmək potensialı yoxdur.

- D.Tramp NATO ölkələrini İrana qarşı apardığı əməliyyatda, iştirak etmələrini istəyib. Onlar isə imtina ediblər. Sizcə, NATO ölkələrini müharibəyə qoşulmaqdan çəkindirən nədir?

- NATO ölkələrinin müharibədən çəkiməsi onların hərbi və strateji cəhətdən zəif olduğunu göstərir. Onlardan yardım gözləyən Tramp gələcək perspektivdə, NATO-dan çıxmaqla təşkilatın dağılmasına yol aça bilər. Digər tərəfdən isə ABŞ NATO ölkələri ilə məsləhətləşmədən yalnız İsraillə ittifaq daxilində İrana qarşı müharibəyə başlayıb. Yəni NATO ölkələrinin Yaxın Şərqdə hərbi əməliyyat keçirməsi ilə bağlı vahid qərar verilmiyib. Müharibəyə başlamazdan öncə, İrana hücum planının tərkibində digər NATO ölkələri də iştirak etsəydilər, Trampın yanında yer tuta bilərdilər. ABŞ, NATO ölkələrinin İrana hücumu qınayacağını bildiyi üçün əməliyyata onlardan xəbərsiz başlayıb. Digər tərəfdən isə Ukraynadakı müharibədə NATO-nun zəifliyini üzə çıxardı. Onlar Ukraynaya dəstək versələr də, faktiki olaraq Rusiya ərazilərin böyük hissəsini işğal edib. Ukrayna da, NATO-dan kifayət qədər dəstək almadığına görə narazıdır. 

- Bildiyiniz kimi, Türkiyə və Naxçıvan İran istiqamətindən gələn raket və dron hücumlarına məruz qalıb. Çoxusu bunu, İran ordusunun səriştəsizliyi ilə izah etsə də digər bir qisim, İsrail və ABŞ-nin təxribatçı əməlləri olduğunu iddia edir. Siz necə düşünürsünüz?

- İranda hakimiyyət boşluğu var. Hazırda ölkəni SEPAH idarə edir. Yeni ali dini lider Möctəba Xamnei, hakimiyyətinin ilk dönəmlərində ağır şəkildə yaralandı. Onun ali rəhbərlik səviyyəsində qərarvermə və silahlı qüvvələrin idarə olunması sahəsində praktiki təcrübəsi yoxdur. Prezident isə söz sahibi deyil. Ölkənin təhlükəsizlik strukturlarında mühüm sima olan Əli Laricani də öldürüldü. Nəticə etibarilə İranın taleyi SEPAH-ın verdiyi strateji qərarlar və həyata keçirdiyi hərbi-siyasi addımlardan asılı vəziyyətdədir. Onlar region ölkələrinə güc nümayiş etdirmək və qorxutmaq məqsədilə Türkiyə ilə Naxçıvan istiqamətinə raket və pilotsuz uçuş aparatları göndərdilər. Təxribat xarakterli hücumlar davam edərsə, proses İranın özünə baha-başa gələcək. Səudiyyə Ərəbistanı, körfəz ölkələri ilə yanaşı Türkiyə və Azərbaycanın da iştirak etdiyi toplantı, regionda təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. İclasda İrana qarşı kollektiv qərar da verilə bilər. Helə müharibənin necə sonlanacağı qeyri-müəyyəndir. Gələcək perspektivdə, Yaxın Şərq regionunda İran adlı dövlətin mövcudluğu belə şübhə altındadır. Çünki müharibə bitsə də, iqtisadi və sosial çətinliklər xalqın yenidən rejimə qarşı ayaqlanmasına səbəb ola bilər.  

- Dünyanın müxtəlif regionlarında ölkələr münaqişə ocağındadır. Müharibələrin geniş coğrafiyaya yayılması ilə bağlı təsəvvürlər var. Gərgin proseslər Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola bilərmi?

- Qorxulu proqnozlar vermək istəməzdim. 2013-cü ildə Suriyada vətəndaş müharibəsi zamanı Üçüncü Dünya müharibəsinin başlayacağını demişdilər. Çünki regionda böyük dövlətlərin maraqları var idi. Savaşın geniş coğrafiyaya yayılma riski Üçüncü Dünya müharibəsinin başlayacağına dair təsəvvürlər formalaşdırmışdı. İran münaqişəsində də bir sıra ölkələrin strateji və geosiyasi maraqları açıq şəkildə özünü göstərir. Ancaq Üçüncü Dünya müharibəsi, nüvə silahından istifadə edilməsi halında qlobal miqyasda baş verəcək. Hazırda bunun üçün əlverişli şərait və imkanlar məhduddur. Yaxın Şərq əvvəllər də “barut çəlləyi” olub, amma heç vaxt bu gərginlik Üçüncü Dünya müharibəsinə gətirib çıxarmıyıb. 

- ABŞ lideri Çinə səfər etməyi planlaşdırırdı. Lakin anidən görüşün müddətini altı həftə təxirə saldı. Bunu İrandakı hadisələrlə əlaqələndirsə də, arxasında başqa səbəblərin olduğu deyilir. Məsələyə hansı aspektdən yanaşırsınız?

- Çinə səfər çoxdan planlaşdırılır. Çünki Çinlə iqtisadi sahədə müzakirə olunası məsələlər çoxdur. Çin, ABŞ məhsullarına gömrük rüsumları tətbiq etmək niyyətindədir. Tramp əslində İranı məğlub etdikdən sonra, qalib ölkənin lideri olaraq Çinə səfər etməyi planlaşdırırdı. Lakin hələ də ABŞ İranda qələbə çala bilmir. Ona görə də səfərini ərtələmək məcburiyyətində qaldı. Tramp Çindən Hörmüz boğazında tankerlərin təhlükəsizliyinin təmin olunmasını istədi. Ancaq Çin bundan imtina etdi. Rəsmi Pekin rəhbərliyinin düşüncəsinə görə, ABŞ-nin xaişini qəbul etmək faktiki olaraq müharibədə onu dəstəklədiklərini ortaya qoya bilər. Bir sözlə, Çin İran ilə dostluq münasibətlərini qorumağı üstün tutdu.