“Yerüstü əməliyyatlar başlasa, İran Əfqanıstan kimi parçalanma təhlükəsi ilə üz-üzə qalacaq”
“İranın nüvə proqramı bəhanədir, əsas hədəf teokratik rejimin dəyişdirilməsidir”
Dünyada müxtəlif istiqamətlərində, baş verən gərgin münaqişələr təhlükəsizliyi ciddi təhdid altına salıb. Gün keçdikcə regional və qlobal proseslərin dinamikası dəyişir. Bir tərəfdən Əfqanıstanla Pakistan arasındakı gərginlik, digər tərəfdən isə İran ABŞ və İsrail arasında davam edən qarşıdurma vəziyyəti kritik mərhələyə sürükləyir.
İlk baxışda ABŞ və İsrailin İrana hərbi hücumları dövlətlərarası münasibətlərdə “təcavüz” təsəvvürü yaratsa da, rəsmi Tehranın Yaxın Şərq ölkələri ilə yanaşı Azərbaycan və Türkiyəni hədəf alması, regional balansı daha da həssaslaşdırdı. Sürətlə dəyişən hadisələrin gedişatını, Azərbaycanın daxili və xarici siyasət prioritetlərini təhlil etmək məqsədilə tanınmış jurnalist Mehman Əliyev Sherg.az-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Mehman bəy, bilirsiniz ki, Yaxın Şərq regionu ağır vəziyyətdədir. Tərəflər arasında danışıqlar gedərkən ABŞ-nin İrana hücum etməsi hər kəsdə çaşqınlıq yaratdı. Bir çoxu bunun səbəbini İranın nüvə proqramına bağlasa da, digər bir qisim isə bəhanə xarakterli olduğuna inanır. Bəs siz məsələyə hansı aspektdən yanaşırsınız? 
- ABŞ-nin İranla bağlı əsas məramı, rejimi dəyişməkdir. Bunun üçün Vaşinqton əvvəlcədən hazırlanmış, bir-birini tamamlayan mərhələlərdən ibarət sistemli plan əsasında hərəkət edir. Birinci mərhələdə, xarici qüvvələrin vasitəsilə hökümətlə xalq arasında gərginlik yaratdılar. Rəsmi Tehran dinc yolla üsyanların qarşısını ala bilmədiyi üçün güc tətbiq etməyə başladı. ABŞ prezidenti Donald Trampla İsrail Baş naziri Benyamin Netanyahu fürsətdən istifadə edərək, İran xalqına dəstək vədləri səsləndirsə də, heç bir addım atmadılar. Çünki ABŞ və İsrailin əsas məqsədi xalqla hökümətin arasını vuraraq, rejimin dayaqlarını sarsıtmaqdır. İrandakı etirazlar kifayət qədər böyük topluluğun rejim dəyişikliyinə meyilli olduğunu ortaya qoydu. İkinci mərhələ İsraillə birlikdə İrana qarşı birbaşa hərbi müdaxiləni nəzərdə tutur. Müharibə şəraitində İranın hərbi qüvvəsi və sənayesi xeyli zəifləyəcək. Bundan sonra ABŞ üçüncü mərhələni reallaşdırmaq üçün bir sıra addımlar atacaq. Bu mərhələdə artıq İranda rejim dəyişikliyinin şahidi olacağıq. Dəyişiklikdən sonra İran rəhbərliyi, siyasi arxitekturanı yenidən formalaşdırmaq üçün ölkənin inkişaf strategiyasını təhlil edəcək. Hətta Qərb dövlətləri və İsraillə münasibətlərin yenidən nəzərdən keçirilməsi ehtimalı gündəmə gələ bilər. Proseslər bu trayektoriya üzrə hərəkət edir.
- Tərəflərin hərbi potensialını müqayisə etsək, hansı uzunmüddətli müharibəyə tab gətirə bilər?
- Müharibənin uzun müddətli olacağına inanmıram. Təxminən 15-20 günə bitə bilər. Ən böyük hərbi potensial ABŞ-də cəmləşib. Eyni zamanda, qlobal miqyasda əsas hərbi-sənaye istehsal gücü ABŞ və Qərb ölkələrinin əlindədir. Hərbi güclə yanaşı, tərəflərin maliyyə resurslarını da müqayisə etmək vacibdir. Çünki müasir müharibələr silah, canlı qüvvə ilə yanaşı, böyük maliyyə imkanları ilə aparılır. İranın hədəf aldığı Körfəz dövlətləri ciddi maliyyə resurslarına malikdir. Bu ölkələr milli təhlükəsizliyin təmin olunması üçün maliyyə vəsaitlərini səfərbər etməyə hazırdır. Ona görə də, strateji və hərbi potensial baxımından, ABŞ və Körfəz ölkələri ön plandadır. İran isə uzunmüddətli müharibəyə hazır deyil. Onun hərbi potensialı getdikcə tükənəcək. Yerüstü əməliyyatlar başlasa, müharibə başqa müstəviyə keçə bilər. Bu zaman İranın Əfqanıstana çevrilmə ehtimalı qaçılmaz olacaq.
- Deyirlər ki, İranda hərbi əməliyyatlar uğurla nəticələnsə, ABŞ və İsrailin növbəti hədəfi Türkiyə olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ və İsrailə qarşı sərt bəyanatlarla çıxış edir. Son dövrlər Türkiyənin hərbi potensialı da gündəmdən düşmür. Gələcək perspektivdə Türkiyə də hədəfə çevrilə bilərmi?
- Mən mövcud vəziyyəti fərqli qiymətləndirirəm. Müharibənin rəsmi əsaslandırılmasında İranın nüvə proqramını dayandırmaqdan imtina etməsi əsas arqument kimi təqdim olunur. Lakin pərdəarxasında İran rəhbərliyinə yönələn tələblərdən biri də teokratik idarəçilik modelinin dünyəvi sistemlə əvəz olunması və mollaların dövlət idarəçiliyindən uzaqlaşdırılması dayanırdı. Türkiyə isə ABŞ və İsraili tətikləyəcək nüvə proqramı həyata keçirmir. Ölkə, NATO-nun üzvü kimi ABŞ-nin mühüm müttəfiqi statusuna malikdir. Buna görə də, hazırkı mərhələdə Türkiyə hədəfdə ola bilməz.
- İran, ABŞ və İsrail arasında müharibə başlamazdan əvvəl Yaxın Şərq ölkələrinə istirahət və müalicə məqsədilə səfər edən vətəndaşlarımız var. Onlar vəziyyətlə əlaqədar otel və bilet qiymətlərinin yüksək həddə çatdığını bildirirlər. Həmçinin İran region ölkələrini bombalayır. Belə bir şəraitdə Azərbaycan hökuməti hansı tədbirləri həyata keçirməlidir?
- Mövcud şəraitdə dövlət institutlarının operativ və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır. Pandemiya dövründə formalaşmış qərar qəbuletmə təcrübəsi nəzərə alınaraq, aidiyyəti qurumların iştirakı ilə xüsusi koordinasiya mexanizmi işə salınmalıdır. Azərbaycanın kifayət qədər nəqliyyat imkanları, xüsusilə də hava nəqliyyatı potensialı mövcuddur. Əsas məsələ bu resursların vaxtında və səmərəli şəkildə səfərbər edilməsidir. Dövlət qurumları arasında effektiv əlaqələndirmə təmin olunduğu halda, vətəndaşların təhlükəsizliyinin qorunması və onların ölkəyə qaytarılması istiqamətində daha təsirli nəticələr əldə etmək mümkündür.
- Bir tərəfdə Əfqanıstan və Pakistan digər tərəfdə isə İsail, ABŞ, Livan və İran arasında gərginliklərin artması təhlükəsizlik risklərini yüksəldir. Eyni zamanda, Rusiya ilə Ukrayna arasında davam edən münaqişə də beynəlxalq sabitliyə əlavə təsir göstərir. Üçüncü dünya müharibəsinin başlayacağına dair təsəvvürlər var. Siz necə düşünürsünüz?
- Üçüncü Dünya müharibəsi yalnız nüvə silahına malik ölkələr arasında başlayacaq. Belə bir variantda dünyanın sonu yaxınlaşacaq. Lakin mövcud vəziyyətdə nüvə istehsal edən ölkələr, Üçüncü Dünya müharibəsinə hazır deyil. Pakistan-Əfqanıstan və İran-İsrail-ABŞ xəttində baş verən müharibə lokal və regional xarakter daşıyır. Bu münaqişələr seqmentiv şəkildə baş verir. Pakistanla Əfqanıstan arasındakı münaqişənin alovlanması ABŞ-nin maraqlarına uyğundur. Çünki Əfqanıstandakı Taliban rejimi çoxlarını qane etmir. Ancaq Pakistan-Əfqanıstan və İran-İsrail-ABŞ xəttində baş verən müharibələri dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirmək absürddür.
- İran bir sıra ərzaq məhsullarının ixracına məhdudiyyətlər tətbiq edib. Azərbaycana da İrandan xeyli məhsul idxal olunur. Bu məhdudiyyətlərin Azərbaycanda yerli məhsulların qiymətlərinə təsiri ola bilərmi?
- Sovet Sosialist Respublikaları İttifaqının dağılması dövründə, bazarda ərzaq məhsullarında qıtlıq yarandı. 1991-ci ildən başlayaraq, fərdi sahibkarlara xaricdən məhsullar tədarük etməyə icazə verdilər. Birinci növbədə bizim biznesmenlər İran və Türkiyəyə üz tutdular. Bu yollarla, ölkəyə gətirilən məhsullar bazarda yerli məhsulları sıxışdırdı. Sahibkarlar xüsusən də İrandan ucuz və keyfiyyətli məhsullar gətirirdilər. Rəsmi Tehranın məhsulların ixracına qadağa qoyması, bazarda müvəqqəti qıtlıq yaradacaq. Azərbaycan höküməti qıtlığın qarşısını almaq üçün alternativ ölkələr kimi, Pakistan, Özbəkistan və Hindistandan məhsullar gətirə bilər. Eyni zamanda, gömrük rüsumlarının tənzimlənməsi vasitəsilə bazarda qiymət sabitliyini qorumaq mümkündür.
- Ermənistanda iyunun 7-də parlament seçkilərinin keçirilməsi gözlənilir. Paşinyana rəqib komandalar Azərbaycanla sülh prosesinə müsbət yanaşmır. Əgər onun rəhbərlik etdiyi siyasi qüvvə seçkilərdə məğlub olarsa, sülh gündəliyinin taleyi necə olacaq?
- Azərbaycanla Ermənistan arasında sülh prosesi müsbət dinamika ilə davam edir. Rəsmi Bakı və regionda maraqları olan ABŞ, Nikol Paşinyanın hakimiyyətdən getməsini istəmir. Hətta ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Cənubi Qafqaza səfəri ərəfəsində, Paşinyanla əməkdaşlığı davam etdirmək istədiklərini vurğuladı. O, həmçinin növbəti seçki prosesində Paşinyanın rəhbərlik etdiyi siyasi kursa dəstək verdiklərini qeyd etmişdi. Hakimiyyətə can atanlar isə Azərbaycana düşmən kimi baxan Koçaryan və Sarkisyan kimiləridir. Onların hakimiyyəti ələ alması münasibətlərimizi bərbat vəziyyətə sala bilər. Son vaxtlar, Paşinyan regionlara gedərək sadə vətəndaşlarla görüşür. O, çox yaxşı başa düşür ki, xalqı tərəfinə çəkməklə, seçkilərdə yüksək səs toplamalıdır. Ermənistanda demokratik seçki mühiti mövcuddur. Xüsusilə orta və aşağı gəlirli təbəqənin səsi seçki nəticələrində mühüm rol oynayır. Paşinyanın siyasi imici 44 günlük müharibədəki məğlubiyyətdən ciddi şəkildə zədələnmişdi. Lakin sonrakı dövrdə apardığı fəal diplomatik təmaslar və beynəlxalq aktorlarla qurduğu əlaqələr nəticəsində, yenidən siyasi səhnədə alternativi olmayan lider obrazını qoruyub saxlamağa nail oldu.