Korrupsiya və planlaşdırılmamış tikinti şəhəri su altında qoyur - Tural Abbaslı (MÜSAHİBƏ)

"Bəzi qurumlar problemi kökündən həll etmək əvəzinə vəziyyəti müvəqqəti “yola verməyə” çalışırlar"

"Əsas məsələ peşəkar kadrların iş başına gətirilməsidir. Təəssüf ki, bəzən vəzifəyə gələn şəxslər qohumlarını və tanışlarını yerləşdirir, onların isə sahə üzrə bilikləri olmur"

Son dövrlərdə Bakıda yağan intensiv yağışlar şəhərin müxtəlif ərazilərində su basmalarına səbəb olub. Küçələr, prospektlər və yeraltı keçidlər su altında qalaraq nəqliyyatın hərəkətini məhdudlaşdırıb, bəzi yaşayış və iş yerlərinə su dolması müşahidə edilib. Bu hallar şəhərin mövcud drenaj və kanalizasiya sistemlərinin yüksək həcmdə yağıntını qarşılamada kifayət etmədiyini göstərir. Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişiklikləri ilə əlaqədar Bakı şəhərində intensiv leysan yağışların sayı artmaqda davam edir və bu, şəhər infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenidən qurulmasını zəruri edir. Əks halda, qısa müddətli yağışlar belə genişmiqyaslı subasma halları yarada bilər.

Mövzu ilə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı ilə danışdıq.

Sherg.az müsahibəni təqdim edir:

– Son günlər leysan yağışlardan sonra su basmalarının genişlənməsi daha çox infrastruktur problemləri ilə, yoxsa leysan yağışlarının intensivliyi ilə bağlıdır?

– Mən düşünürəm ki, bu, yalnız leysan yağışları ilə izah edilə bilməz. Bəli, normadan artıq yağıntılar olur, amma əsas problem məmur çatışmazlığıdır. Əslində bu, məmur çatışmazlığı, insanlara xidmətin zəifliyi, aidiyyəti qurumlarda çalışan şəxslərin öz sahələri üzrə biliklərinin olmaması, korrupsiya və rüşvət məsələsidir. Yağış sularının şəhərdən çıxarılması üçün yaradılan sistemlər ya zəifdir, ya da ümumiyyətlə yetərli deyil.

– Sizcə, bu sahədə idarəetmə problemi varmı?

– Əlbəttə var. Məsələn, Bakı şəhəri və rayon icra qurumlarının yağış mövsümünə hazırlıqla bağlı mediaya açıq mətbuat konfransı keçirdiyini görmüsünüzmü? Su basmalarından sonra görülən tədbirlər barədə sistemli məlumatlandırma olurmu? Bu sualların cavabı çox vaxt “yox”dur. Bu isə məmur çatışmazlığını və xidmətin zəifliyini göstərir.

– Şəhərsalma baxımından əsas problem nədir?

– Bakı köhnə şəhər infrastrukturu üzərində yeni meqapolisə çevrilməyə çalışır. Bir küçədə 10–15 mərtəbəli binalar tikilir, hər binada 400–500 mənzil olur. Amma həmin ərazilərdə kanalizasiya xətlərinin genişləndirilməsi, drenaj sistemlərinin gücləndirilməsi nəzərə alınmır. Binalar tikilir, lakin suyun haradan gələcəyi, kanalizasiya sularının necə axacağı planlaşdırılmır. Planlaşdırılmamış tikinti, məmur özbaşınalığı və peşəkar çatışmazlıq nəticədə küçələrdə suyun 1 metrə qədər yığılmasına səbəb olur.

– Bu sahəyə böyük vəsait ayrıldığı deyilir. Nəticə niyə görünmür?

– Doğrudur, su-kanalizasiya sistemlərinə milyardlarla investisiya qoyulduğu bildirilir. Amma mövcud xətlərin əksəriyyəti sovet dövründən qalma və diametrləri məhduddur. Bakı vaxtilə 500 min – 1 milyon əhali üçün planlaşdırılmışdı, indi isə əhali bir neçə dəfə artıb. Bu səbəbdən kanalizasiya sistemi adi günlərdə belə yüklənir, güclü yağış zamanı isə iflic olur.

– Məmur çatışmazlığının qarşısını almaq üçün nə edilməlidir?

– Əsas məsələ peşəkar kadrların iş başına gətirilməsidir. Təəssüf ki, bəzən vəzifəyə gələn şəxslər qohumlarını və tanışlarını yerləşdirir, onların isə sahə üzrə bilikləri olmur. Bu da idarəetmədə problemlər yaradır. Halbuki mütəxəssislər öz sahələrinə uyğun vəzifələrə təyin olunsa, bir çox məsələlər həllini tapa bilər.

– Son hadisələrdə fövqəladə hallara reaksiya ilə bağlı da tənqidlər səslənir. Bu barədə nə deyə bilərsiniz?

– Görünən odur ki, bəzi qurumlar problemi kökündən həll etmək əvəzinə vəziyyəti müvəqqəti “yola verməyə” çalışırlar. Bu yanaşma da insanların narahatlığını artırır. Keçən il tuneldə bir insan boğularaq həyatını itirdi. Digər ölkələr Ayda xilasetmə əməliyyatları aparır, biz isə iki nəfəri tuneldən çıxarmaqda çətinlik çəkirik. Çıxış yolu kimi isə yağış olanda tunellər bağlanır. İnsanlara “yağışda bayıra çıxmayın” demək problemi həll etmir. Bu yanaşma ilə hara qədər getmək olar?

– Yağış zamanı dəyən maddi zərərləri kim ödəməlidir?

-Bunu birmənalı olaraq dövlət qarşılamalıdır. Necə ki, işlətdiyimiz elektrik enerjisinin ödənişini etməyəndə cərəyanı kəsirlər, elə də yardım etməlidirlər. Çünki xalqını təbiətdən və təhlükədən qorumaq dövlətin üzərinə düşür. Buna təminat verə bilmirsə, təzminat ödəməlidir. Yəni evlərini su basan ailələrin məhv olmuş əşyalarının hamısının təzminatı dövlət tərəfindən ödənilməlidir. Çünki 20 ilə əziyyətlə ev tikən vətəndaş əşyalarının yağış səbəbindən sıradan çıxmasına görə həyatını sıfırdan başlamalıdır. Niyə? Çünki hansısa bələdiyyə torpaq satanda onun kollektorun üzərində olduğuna baxmayıb. Buna görə də dövlətin səhvinin cavabını dövlət verməlidir.

– Yekun olaraq, çıxış yolu nədir?

– Problemin həlli kompleks yanaşmadan keçir: peşəkar kadr siyasəti, düzgün şəhərsalma planlaşdırması, drenaj və kanalizasiya sistemlərinin yenilənməsi, şəffaflıq və hesabatlılıq. Bu istiqamətlərdə real addımlar atılmadan su basmaları problemi davam edəcək.