Zərdüşt Əlizadə: İran faktiki olaraq ABŞ üzərində hərbi qələbə qazanıb (SÖHBƏT)

İran haqlı olaraq ABŞ-dən dəyən ziyana görə təzminat tələb edir

Əgər İsrail İranla tək müharibə aparsaydı, SEPAH İsraili yer üzündən siləcəkdi

Bu faktlar məhkəmədə sübuta yetirilərsə, Trampın ikinci prezidentliyi ABŞ tarixinin ən əbləh idarəetmə dövrü kimi tarixə düşəcək

İranın artan regional gücü Körfəz ölkələrini seçim etməyə vadar edir: Ya Vaşinqtonun etibarsız təhlükəsizlik çətiri altında qalmaq, ya də ərazisindən təhdid gəlməyəcəyi təqdirdə qonşuluq münasibətləri təklif edən Tehranla əməkdaşlıq etmək

ABŞ və İran arasında atəşkəs elan edilməsinə baxmayaraq, hərbi eskalasiya mövcudluğunu qoruyur. Ali dini rəhbər Müctəba Xameneinin "X" hesabında yayılan məlumata görə ali lider, prezident Məsud Pezeşkian ilə hərbi sahədə müzakirə aparıb. İran rəsmilərinin dilində diplomatik təmaslardan daha çox müharibə elementi səslənir. Parlament sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin danışıqlar adı altında İrana genişmiqyaslı hücuma hazırlaşdığını açıqlayıb. Tərəflərin bir-birindən tələbləri qarşıq hal alıb. İran XİN rəhbəri Abbas Əraqçi ABŞ-nin hücumları nəticəsində dəyən ziyanı ödəyənədək Vaşinqtonla danışıqların bərpa olunmayacağını açıqlayıb. Tehranın təzminat tələbinə cavab olaraq ABŞ prezident Donald Trampın da İrandan kompensasiya istəyib. Vaşinqton İran Silahlı Qüvvələrinin hərbi zərbələrini əsas gətirərək, dəymiş zərərin ödənilməsi üçün Tehrandan təzminat tələb edib. Hətta Tramp danışıqlarda bu məsələnin qarşı tərəfə xüsusi şərt kimi diktə edilməsinin zəruriliyini vurğulayıb. 

ABŞ ilə İran arasında davam edən texniki danışıqları və regionun mövcud vəziyyətini təhlil edən politoloq Zərdüşt Əlizadə Sherg.az-la fikirlərini bölüşüb:

- Qalibaf danışıqların uzanmasının pərdəarxasında ABŞ-nin yeni hücum planlaşdırdığını bildirib. Müşahidə olunan nisbi sakitlik həqiqətən də tərəflərin yeni hərbi eskalasiyaya hazırlıq mərhələsidir?

- Amerika hərbi əməliyyatlarda fasilə götürüb. Bu fasilə onunla izah olunur ki, ABŞ-nin İrana qarşı işlətdiyi (Tomaqavk) qanadlı raketləri və HIMARS (Yüksək Mobil Artilleriya Raket Sistemi) tükənib. Onlar danışıqları uzatmaqla, ehtiyatları artırmağı hədəfləyiblər. Bundan əlavə unutmayaq ki, Amerika Birləşmiş Ştatları müstəqil dövlət deyil. Vaşinqton Yaxın Şərqdəki siyasətində İsraildən asılıdır. ABŞ Prezidentinin və Konqres liderlərinin seçki kampaniyalarının maliyyələşdirilməsində israilli sahibkarlar və Amerika-İsrail İctimai İşlər Komitəsi mühüm rol oynayır. Trampın ətrafındakı siyasi-hərbi komanda İsrail lobbisinin əmri ilə təyin olunub. Məhz buna görə heç bir əsas olmadan Amerika İrana hücum elədi. 

- Mövcud gedişatı nəzərə alsaq, ABŞ-nin İrana həyata keçirdiyi hərbi addımlar uğursuzluqla nəticələndi, yoxsa geostrateji balans görünəndən fərqlidir?

- İran faktiki olaraq ABŞ üzərində hərbi qələbə qazanıb. Belə olan halda Tramp fasilə götürməyə məcbur qalıb. İranın ABŞ qarşına qoydu son 6 şərt beynəlxalq standartala uyğundur. Təqdim olunan şərtlərə əsasən, İrana, Fələstinə və Livana qarşı hərbi təcavüzə dərhal son qoyulmalı, Tramp kəskin və hədələyici ritorikadan imtina edərək ölkəyə dəymiş ziyanı kompensasiya etməlidir. Bununla yanaşı, Amerika-İsrail cütlüyü, Səudiyyə Ərəbistanının əli ilə Yəmənə yetirdiyi xəsarətə son qoymalıdır. Amerikanın İrandan oğurladığı 110 milyard dollar da qaytarılmalıdır. 110 milyard az pul deyil. Bu şərtlərin hamısı beynəlxalq qanuna uyğundur. BMT-də vurğulandığı kimi, əgər Birləşmiş Ştatlar müstəqil və suveren ölkədirsə, İran da eyni hüquqlara malik dövlətdir. Artıq, Amerikanın dünyada və bölgədəki nüfuzu xeyli zəifləyib. Tramp özünün əbləh siyasəti və yerli-yersiz danışıqları ilə ABŞ-nin nüfuzuna ciddi ziyan vurub. Onun ucbatından heç kəs Amerikanı ciddi qəbul eləmir. 

- Tehranın təzminat tələbinə cavab olaraq Donald Trampın da İrandan kompensasiya istəməsinə münasibətiniz necədir?

- İran haqlı olaraq ABŞ-dən dəyən ziyana görə təzminat tələb edir. Gülməlisi odur ki, Tramp da onların tələbinə təzminatla cavab verir. Bu 1942-ci ildə SSRİ-yə hücum edən, dağıntılar törədən Adolf Hitlerin Stalindən təzminat tələb etməsinə bənzəyir. Təbii ki, bu cür əsassız tələbə cavab olaraq Stalin mübarizəni davam etdirib, 1945-ci ilin mayında Reyxstaq üzərində qələbə bayrağını sancdı. Trampın təzminat tələb eləməsi səfehlikdən başqa bir şey deyil. Hamıya bəllidir ki, İran inqilabı baş verəndən sonra Tehrana qarşı Səddam Hüseyni qızışdıran, ona kimyəvi silah verən dövlət ABŞ olub.

- Sizcə, İsrailin hazırda İrana qarşı aktiv hərbi əməliyyatlardan çəkinərək gözləmə mövqeyi tutmasının əsas səbəbi nədir?

- İsrail höküməti çox gözəl anlayır ki, elə ilk hücumlarda İran raketləri İsraili süzgəcə çevirəcək. Ona görə də, qorxusundan bir küncdə sakit dayanıb. Həm də bilirlər ki, Amerika məruz qaldığı ağır itkilərdən və məğlubiyyətdən sonra əvvəlki kimi İsrailin əmri əsasında müharibəyə qoşulmayacaq. Çox ciddi faktlara əsasən deyirəm: Əgər İsrail İranla tək müharibə aparsaydı, SEPAH İsraili yer üzündən siləcəkdi. Bunu hamı bilir.

- Gərgin proseslərin sonu barədə təsəvvürlərinizi bilmək istərdik.

- İran artıq qalib gəlib. Özü də Amerikanın məğlub olması birinci dəfə deyil. Yadıma gəlir, 1964-1965-ci illərdə Amerika zəif və kiçik Vyetnama hücum eləmişdi. Vyetnam xalqının qəhrəman mübarizəsi nəticəsində ABŞ 27 yanvar 1973-cü ildə Paris Sülh Sazişini imzalayaraq, Vyetnamın bütün şərtlərini qəbul elədi. ABŞ-nin ondan zəif dövlətlərə məğlub olduğuna dair tarixi faktlar az deyil. Birləşmiş Ştatların Əfqanıstana hərbi müdaxiləsi də oxşar nəticələrlə yekunlaşdı. Əfqan xalqının 20 illik müqaviməti qarşısında 2 trilyon dollardan çox vəsait və böyük canlı qüvvə itirən ABŞ qoşunları ölkəni tələsik tərk etməyə məcbur qaldı. Proseslərin sonunu belə görürəm ki, Amerika əgər İsrailin fitvasına uyub növbəti dəfə geniş hərbi hücuma başlasa, İran onlara lazimi cavab verib, tab gətirəcək. Doğrudur, çox itki verəcək, infrstruktur darmadağın olacaq. Amma İran xalqı buna da sinə gərəcək. Amma İsrailə endirilən zərbələrə yəhudilər dözməyəcək. Onsuz da yarım milyon yəhudi ölkədən çıxıb. Qalanları da, ikinci pasportlarını alıb başlarını götürüb qaçmağa fürsət güdürlər. 

- Hərbi əməliyyatların geniş miqyas alması ABŞ-nin regional və daxili mövqelərinə necə təsir göstərəcək?

- Genişmiqyaslı hücumda, İran Hörmüz boğazını və Bab-əl-Məndəbı tam bağlayacaq. Dünyada təklif edilən neftin həcmi çox kəskin azalacaq. Hətta qiyməti 150-200 dollara qalxa bilər. Dünya ölkələri dərin iqtisadi böhranla üzləşəcək. Avropa ölkələrindən tutmuş Amerika xalqına qədər Trampa müharibəni dayandırmaq üçün təzyiq göstəriləcək. Respublikaçıların Konqresin hər iki palatasında məğlub olması Trampın qalan iki illik prezidentlik dövrünü dərin siyasi böhranla üz-üzə qoyacaq. Hər gün Trampa impiçment irəli sürəcəklər. Özü də impiçment üçün tutarlı səbəb də var. Trampın rüşvətxorluğu faktlarla üzünə çırpırlır. Amerika demokratik dövlətdir. Heç kəs Trampdan qorxmur. ABŞ mətbuatı belə həmin faktları mətbuata sızdırmaqdan çəkinmirlər. Bu faktlar məhkəmədə sübuta yetirilərsə, Trampın ikinci prezidentliyi ABŞ tarixinin ən əbləh idarəetmə dövrü kimi tarixə düşəcək. 

- Bəs genişmiqyaslı müharibədən İran hansı təəssüratla çıxa bilər?

- İran gedərək geclənir. Bölgənin əsas nüfuzlu dövlətinə çevriləcək. İranın artan regional gücü Körfəz ölkələrini seçim etməyə vadar edir: Ya Vaşinqtonun etibarsız təhlükəsizlik çətiri altında qalmaq, ya də ərazisindən təhdid gəlməyəcəyi təqdirdə qonşuluq münasibətləri təklif edən Tehranla əməkdaşlıq etmək. Genişmiqyaslı müharibə Amerikaya yalnız rüsvayçılıq gətirə bilər. Onlar İranın hərbi potensialına tam hakim olmadıqlarına görə quru əməliyyatlarından boyun qaçırırlar.