ABŞ-nin xarici siyasətində Azərbaycana qarşı çox müsbət yanaşma formalaşıb - Elmar Məmmədyarov

  • Azərbaycanın Avropa İttifaqı ilə deyil, Avropa ölkələri ilə strateji əməkdaşlığı xeyli güclənib

Yeni dünya düzəninin formalaşdığı, qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi və beynəlxalq münasibətlər sistemində ciddi transformasiyaların yaşandığı bir dövrdə Azərbaycanın regional və qlobal proseslərdə artan rolu xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və praqmatik xarici siyasət nəticəsində Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətə deyil, eyni zamanda müxtəlif güc mərkəzləri ilə balanslı və qarşılıqlı maraqlara əsaslanan münasibətlər quran, beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən “orta güc dövləti”nə çevrilir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması bu baxımdan mühüm tarixi hadisə olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaradıb. Prezident İlham Əliyevin Vaşinqtona səfəri isə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bununla yanaşı, Azərbaycanın Avropa, Asiya və Afrika ölkələri ilə əlaqələrinin yüksələn xətlə inkişaf etməsi, Avropa Siyasi Birliyi çərçivəsində fəal iştirakı və 2028-ci ildə bu mötəbər sammitə ev sahibliyi edəcək ölkə kimi seçilməsi Azərbaycanın beynəlxalq mövqeyinin və diplomatik çəkisinin artdığını göstərən mühüm amillərdəndir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini və Prezident İlham Əliyevin strateji siyasətinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni status qazanmasına imkan verdiyini göstərir.

Proseslərlə bağlı sabiq xarici işlər naziri ElmarMəmmədyarovla danışdıq.

Sherg.az müsahibəni təqdim edir:

-Azərbaycanın son dövrlərdə həyata keçirdiyi xarici siyasət necədir?

–Azərbaycan çox uğurlu xarici siyasət aparır. Bu istiqamətdə çox vacib və mühüm addımlar atılır.

-Prezident İlham Əliyevin Vaşinqtona səfərini və avqustun 8-də Azərbaycan-Ermənistan sülh sazişinin paraflanmasını regionun gələcəyi baxımından necə qiymətləndirirsiniz?

– Donald Tramp prezident seçiləndən sonra ABŞ-nin xarici siyasətində Azərbaycana qarşı çox müsbət yanaşma formalaşıb. Bu, daha önəmli bir mərhələ yaradır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını və ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı irəli sürülmüş təşəbbüsləri çox müsbət qiymətləndirmək olar. Çünki ABŞ-nin rolu daha da faydalı oldu və regionda, o cümlədən Azərbaycana qarşı münasibətdə yeni imkanlar yaratdı.

– Azərbaycanın Asiya və Afrika ölkələri ilə əlaqələrinin genişlənməsi ölkəmizin xarici siyasətinə hansı yeni imkanlar qazandırır?

– Son zamanlar Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatına üzv ölkələrlə münasibətlərin gücləndirilməsi istiqamətində çox mühüm addımlar atılır. Bu, Azərbaycan , o cümlədən Afrika ölkələri ilə münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, Qoşulmama Hərəkatına üzv ölkələrlə qarşılıqlı əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.

– Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı haqda nə deyə bilərsiniz?

– Azərbaycanın Avropa İttifaqı ilə deyil, Avropa ölkələri ilə strateji əməkdaşlığı xeyli güclənib. Bizim dövrümüzdə də bir sıra ölkələrlə strateji əməkdaşlıq sazişləri imzalanıb. Ondan çox ölkə ilə strateji əməkdaşlıq sənədləri imzalamışıq və bu istiqamətdə işi davam etdirmək çox önəmlidir.

– Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan-Asiya münasibətlərinə nə vəd edir?

–Şanxay Əməkdaşlıq Təşkilatı böyük önəmə sahibdir. Çünki orada böyük ölkələr də iştirak edir. Bu təşkilatla əməkdaşlıq konteksində Azərbaycan addımlarını davam etdirəcək. Bişkekdəki görüşlər çox önəmlidir. Yəqin cənab prezident ŞƏT-lə əlaqələrin inkişafı üçün müzakirələr aparacaq.

– Son dövrlərdə Çinlə Azərbaycan arasında əlaqələrin də genişləndiyini görürük. Çin-Azərbaycan tərəfdaşlığının inkişafı barəsində nə düşünürsünüz?

– Çin ilk növbədə həm siyasi, həm də iqtisadi sahədə Azərbaycanla xüsusi əlaqələr qurub. Bu istiqamətdə dəhlizin, yəni Çinlə bağlı malların və Çindən göndərilən yüklərin Azərbaycandan keçməsinin iqtisadi baxımdan böyük əhəmiyyəti var. Bu, Azərbaycanın büdcəsinə də daha böyük xeyir və gəlir gətirə bilər.

– Azərbaycan və Türk Dövlətləri Təşkilatı arasında da əlaqələr genişlənməkdədir. Bu təşkilatın gələcəyini necə görürsünüz?

– Türk Dövlətləri Təşkilatı gündən-günə öz fəaliyyətini gücləndirəcək və bu siyasət davam etdiriləcək. Bu baxımdan, əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasət və atdığı addımlar çox önəmlidir. Mən bunu tam şəkildə alqışlayıram.