İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"
2027-ci ilə qədər 96 min nəfərin qayıdışı planlaşdırılır
Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksi təməlinin qoyulması bölgədə sosial-iqtisadi dirçəlişi sürətləndirəcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən birini təşkil edir. Bu istiqamətdə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin hüquqi və institusional əsasını “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təşkil edir. Sözügedən Dövlət Proqramı azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması, müasir infrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası və əhalinin layiqli həyat şəraitinin yaradılmasını hədəfləyir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının konkret rəqəmlərlə müşayiət olunan genişmiqyaslı bir proses olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, 2020–2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ümumilikdə 30,5 milyard manat vəsait ayrılıb, təkcə 2020–2025-ci illərdə bu məqsədlə 22,3 milyard manat xərclənib.
Ölkə başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 247 min hektardan çox ərazi minalardan təmizlənib, Füzuli, Zəngilan və Laçında üç beynəlxalq hava limanı istifadəyə verilib, min kilometri aşan elektrik xətləri və magistral qaz kəmərləri çəkilib. 3714,8 km-lik 65 avtomobil yolu layihəsi icra olunur, 441,5 km tamamlanıb. Bərdə–Ağdam dəmir yolu (47,1 km) istifadəyə verilib, Horadiz–Ağbənd xətti 69 faiz, Ağdam–Xankəndi xətti 28,3 faiz icra olunub.1000 km-dən çox yüksək gərginlikli elektrik verilişi xətləri və 6 magistral qaz xətti çəkilib, 31 yaşayış məntəqəsi qazlaşdırılıb.
Prezident qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə 70 minə yaxın insan yaşayır və fəaliyyət göstərir, 2027-ci ilədək isə 91 yaşayış məntəqəsinə təxminən 96 min şəxsin qayıdışı planlaşdırılır ki, bu da Böyük Qayıdışın mərhələli və dayanıqlı şəkildə həyata keçirildiyini göstərir. Zabuxçay su anbarı (26,8 mln m) tikilib, 51,6 km uzunluğu olan Zabuxçay magistral boru kəməri çəkilib. Şuşada 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzi istifadəyə verilib, azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə və bir sıra mədəniyyət obyektləri tikilib və bərpa olunub.
Azad edilmiş ərazilərdə formalaşdırılan sosial infrastruktur və xidmətlər Böyük Qayıdış prosesinin insan mərkəzli inkişaf modeli kimi qurulmasında həlledici rol oynayır. Bu yanaşmanın əsas məqsədi əhalinin geri qayıdışını yalnız fiziki məskunlaşma ilə məhdudlaşdırmamaq, eyni zamanda, təhsil, səhiyyə və sosial rifah vasitəsilə dayanıqlı həyat mühitini formalaşdırmaqdır. Bu çərçivədə təhsil və səhiyyə infrastrukturunun qurulması insan kapitalının inkişafını və sosial rifahın yüksəldilməsini təmin edən əsas institusional istiqamətlərdən biri kimi prioritetləşdirilib və ardıcıl şəkildə icra olunur.
Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası azad edilmiş ərazilərin bərpasını təkcə fiziki yenidənqurma prosesi kimi deyil, insan kapitalına əsaslanan, iqtisadi cəhətdən dayanıqlı və institusional baxımdan sistemli inkişaf modeli kimi formalaşdırır. Həyata keçirilən infrastruktur, sosial, iqtisadi və fiskal tədbirlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi inkişaf gündəliyinə mərhələli və davamlı reinteqrasiyasını təmin edir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri kimi Böyük Qayıdış prosesinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Azad edilmiş ərazilərdə formalaşdırılan yeni nəqliyyat və logistika infrastrukturu ölkəmizin regional və beynəlxalq tranzit imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu ərazilər tədricən ölkənin nəqliyyat xəritəsində periferiya zonası deyil, regional əlaqələndirici qovşaq funksiyasını yerinə yetirməyə başlayır.
Prezidentin müsahibəsində Böyük Qayıdışla bağlı fikirləri şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə gələcəkdə məskunlaşmanın dairəsinin genişləndirilməsi ilə bağlı yeni fikirlər söyləyib: “Cənab Prezidentin də vurğuladığı kimi dövlətin qarşısındakı başlıca prioritet məqsəd ilk növbədə həmin bölgədə didərgin düşmüş insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Eyni zamanda, gələcəkdə Azərbaycanın digər bölgələrindən olan insanlar da azad olunmuş bölgələrə köçə, orada özlərinə ev tikib yaşaya bilərlər”.
C.Məmmədov qeyd edib ki, bu gün Böyük Qayıdış proqramı gözlənildiyindən də sürətlə həyata keçirilir: "Bu gün, demək olar ki, işğaldan azad olunan bütün ərazilərdə təmir və bərpa, quruculuq işləri aparılır. Hadisələrin təhlili göstərir ki, ölkəmiz bu işləri gözlənildiyindən daha qısa müddətdə həyata keçirib. Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydanına bənzəyir. Prezidentin rəhbərliyi və qayğısı ilə azad olunmuş bütün ərazilərdə geniş quruculuq və abadlıq işləri aparılır. Ən diqqətçəkən məqamlardan biri yolların tikintisi və bərpasıdır. Qarabağda yüksək səviyyədə yeni yollar çəkilib və bu işlər davam etdirilir. Eyni zamanda işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndi şəhərində tikintisi həyata keçiriləcək layihələrdən biri də Dəmir Yolu və Avtovağzal Kompleksidir. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub. Kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Bu gün Ağdam və Cəbrayılda, eləcə də Araz Vadisi iqtisadi zonasında mühüm layihələr həyata keçirilir. Bütün bu işlər Azərbaycan dövlətinin öz gücü ilə görülür. Qısa müddətdə üç böyük hava limanı inşa olunub ki, bu da tarixi hadisədir. Xüsusilə Laçın hava limanı öz unikallığı ilə seçilir və gələcəkdə bölgənin inkişafına töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərdə yeni sanatoriyalar, məscidlər tikilir, mövcud məscidlər bərpa olunur. Yeni iş yerlərinin yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bütün görülən işlər ən yüksək səviyyədədir, yaxın vaxtlarda bütün ərazilər tam abadlaşdırılacaq və bərpa olunacaq".