İrəvan yenə “nala-mıxa vurur”
“Qriqoryanın açıqlaması Bakının təməl maraqlarına qarşı çıxış edən tezis halına gələ bilməyəcək”
“Ermənistan bilir ki, Azərbaycan “status” məsələsinin üzərindən xətt çəkib və bunu ölkənin hüquq sistemində təsbit edib. Bu isə beynəlxalq hüquq üçün də keçərlidir”
Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün rəsmi Bakının təqdim etdiyi 5 maddəlik baza prinsipini özündə ehtiva edən təkliflərinə 6 təkliflə cavab verib. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. İrəvanın 6 bəndlik cavabı prinsipcə, Azərbaycanın maraqlarına qarşı yönələn tezislər üzərində qurulmayıb. Görünür, Azərbaycanın sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı istinad etdiyi xəritələr İrəvan tərəfindən qəbul edilib.
Qriqoryan deyib ki, bütün xəritələr, tarixi faktlar məlumdur və Azərbaycanın da bu xəritələrlə tanış olmaq imkanı var. Sözsüz ki, Qriqoryan burada daha çox erməni təbliğatının məhsulu olan təhrif edilmiş xəritələrdən söz aça bilər. Amma onun “bütün” sözünü işlətməsi Bakıya danışıqlarda üstünlük təmin edən manevrlər üçün geniş imkanlar verəcək.
Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Ermənistan Azərbaycanın suverenliyini tanıdığını elan edir. Onun sözlərinə görə, Qriqoryan 1992-ci ildə MDB çərçivəsindəki qəbul edilən qarşılıqlı tanınmanı gündəmə gətirir:
“Lakin İrəvan Qarabağ mövzusunda yenidən nala-mıxa vurur və “status”dan danışır, hərçənd ki, budəfəki “status” fərqli motivlərdə təqdim edilir. Qriqoryanın Qarabağdakı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin yedəyində “status” mövzusunu ikinci planda təqdim etməsi belə deməyə əsas verir ki, İrəvan bulanıq sularda balıq tutmaq üçün cəhdlərini hələ də yerə qoymadığını göstərir. Bu isə əslində Ermənistan xalqının könlünü almaq üçün metodun tərkib hissəsi kimi qələmə verilə bilər. Onsuz da rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan yurisdiksiyası altında hüquqlar tanıyacağını bəyan edir və Qriqoryanın bu səpkidə açıqlaması da Bakının təməl maraqlarına qarşı çıxış edən tezis halına gələ bilməyəcək”.
A.Kərimova görə, Qarabağa dair Ermənistanın təklifi ərazi münaqişəsi yox, hüquqi-təhlükəsizlik məsələsi kontekstində gözə çarpır:
“Bunun özü də Ermənistanın ağıllı olmaq üçün bəlli məsafə qət etdiyinin nişanəsidir. Ermənistan bilir ki, Azərbaycan “status” məsələsinin üzərindən xətt çəkib və bunu ölkənin hüquq sistemində təsbit edib. Bu isə beynəlxalq hüquq üçün də keçərlidir. Çünki yerli ərazi-idarəetmə sistemi beynəlxalq hüquqda həmin ölkənin yurisdiksiyası kimi tanınır və beynəlxalq hüququn prinsipləri ilə hər hansı ziddiyyət təşkil etmir. Ermənistan əgər indiki mülayim mahiyyətindən ayrılıb özünü revanşizmin zirvəsinə dırmaşdırmağa çalışsa, bunun daha ağır bədəli olacaq.
Digər mövzu anklavlar məsələsidir. Hazırda əlamətlər bunu deyir ki, anklavlar baza prinsiplərinin üzərində inşa ediləcək bəndlər çərçivəsində müzakirə olunacaq”.