Kəlbəcərdə sosial-iqtisadi dirçəlişin yeni mərhələsi -ŞƏRH
Prezident İlham Əliyevin Kəlbəcərə 21 avqust 2025-ci il tarixli səfəri bölgənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində bir sıra mühüm obyektlərin açılışı və təməlatma mərasimləri keçirildi ki, bu da Kəlbəcərin müasir şəhərə çevrilməsi istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. Xatırladaq ki, 2021-ci ilin avqustunda bu yolun təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ölkə başçısının Kəlbəcər səfərini şərh edən millət vəkili Şahin Seyidzadə “Sherg.az”a açıqlamasında Murovdağ tunelinin dünyanın ən uzun avtomobil tunellərindən biri olduğunu xatırladıb. Onun sözlərnə görə, bu tunel uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir:
“ Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bundan başqa, kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi bölgənin enerji təminatında mühüm rol oynayacaq, həm də ekoloji baxımdan dayanıqlı inkişafı təmin edəcək. Arıçılıq təsərrüfatlarının dəstəklənməsi isə Kəlbəcərin qədim ənənələrindən birinin bərpasıdır və bölgənin iqtisadi potensialının inkişafına xidmət edir. Yaşayış komplekslərinin təməli qoyulması və mənzillərin vətəndaşlara təqdim edilməsi dövlətin sosial siyasətinin bariz nümunəsidir. Uzun illər məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər artıq öz doğma şəhərində müasir şəraitdə yaşayacaqlar. Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı kimi, Kəlbəcər yalnız yenidən qurulmur, həm də gələcək nəsillər üçün inkişaf mərkəzinə çevrilir. Tikilən məktəblər, parklar, yollar, infrastruktur layihələri burada dayanıqlı həyat üçün zəmin yaradır. Bu gün Kəlbəcərin dirçəlişi Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkənin sosial-iqtisadi xəritəsini tamamilə dəyişir, regionu yeni inkişaf mərkəzinə çevirir. Beləliklə, Prezident İlham Əliyevin Kəlbəcər səfəri həm sosial-iqtisadi inkişaf, həm də mənəvi dirçəliş baxımından tarixi hadisədir. Bu, dövlətin xalqına olan qayğısının və gələcəyə inamının təntənəsidir”.