Laçın şəhərində yeni era: Aeroport, yol və elektrik stansiyası bölgəyə həyat gətirir

“Laçın sakinləri doğma yurdlarında xoşbəxt günlərini yaşayırlar”
26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. Laçının təcavüzkar Ermənistan dövləti tərəfindən işğalı 28 il davam edib. Lakin bu müddət ərzində istər Azərbaycan xalqı, istərsə də ölkə rəhbərliyi bir gün də olsun tarixi ədalətin zəfər çalacağına inamını, ümidini itirməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu bizə döyüşsüz qaytardı. Bu, dünya hərb tarixində həqiqətən də unikal hadisələrdən biridir. Lakin Laçın Şəhəri Günü dekabrın 1-də yox, hər il avqustun 26-da qeyd olunur. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli, tarixi torpağımız olan Laçın rayonu 44 günlük Vətən müharibəsinin sonunda hərbi-siyasi yolla işğaldan azad olunsa da, Laçın şəhəri və bir neçə kəndlərimiz isə məlum səbəblər üzündən Rusiyanın keçmiş "sülhməramlı" qüvvələrinin nəzarəti altında qalmaqda davam edirdi. Lakin 2022-ci ilin avqustun 26-da bu prosesə də son qoyuldu. Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi və Zabux və Sus kəndlərini nəzarətə götürməsi ilə Laçının tam olaraq öz azadlığına qovuşması prosesi uğurla başa çatıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 26 avqust tarixi Laçın şəhəri günü kimi müəyyən olundu. 26 avqust – Laçın Şəhəri Gününün təsis edilməsi şanlı Zəfərimizin təsdiqi kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 
Laçın Şəhəri Gününün tarixi əhəmiyyəti ilə bağlı “Şərq” qəzetinə danışan millət vəkili Ceyhun Məmmədov Laçın rayonunun Azərbaycanın tarixi abidələrlə zəngin, füsunkar təbiətə malik bölgələrindən biri olduğunu deyib. Onun sözlərinə görə, digər rayonlarımız kimi, Laçının da bütün tarixi abidələrini ermənilər vəhşicəsinə dağıdaraq talan ediblər. Beynəlxalq hüququ pozaraq burada məskunlaşdırma siyasəti həyata keçiriblər: 
 “Şuşadan sonra işğala məruz qalan ikinci rayon olan Laçın 18 may 1992-ci ildə işğal edildi və rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradıb. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. 
İşğal nəticəsində rayonda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.
Qeyd etmək lazımdır ki, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub”. 
Millət vəkilinin sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında böyük quruculuq və abadlıq işləri həyata keçirilməkdədir:
 “Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Noyabrın 9-u artıq Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. 
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Artıq Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq”. 
Deputat qeyd edib ki, olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur:
 “Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. 
Şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın da yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevrilməkdədir və laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Artıq 1000-dən artıq Laçın sakini şəhərdə məskunlaşıb. 
Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.
Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər bu gün ən xobəxt günlərini yaşayır”.