Prezidentin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevrilməkdədir
Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə avqustun 21-də Kəlbəcərə səfər edib.
İlham Əliyev Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.
Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.
Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər özünün möhtəşəm gözəlliyi, ecazkar təbiəti, zəngin flora və faunası, təbii sərvətləri və bol su ehtiyatları ilə seçilir. Rayonun mürəkkəb coğrafi relyefi Kəlbəcərin hərbi yolla geri alınmasını çoxsaylı itkilər hesabına mümkün edəcəkdi. Lakin Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəliyi nəticəsində Kəlbəcər, eləcə də Laçın və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a deyib ki, Kəlbəcər sürətlə yenidən qurulur:
"İllər öncə Kəlbəcərin ermənilər tərəfindən necə barbarcasına və vəhşicəsinə dağıdıldığının şahidi olmuşduq. Ermənilər bu əraziləri yandırmış, çıxarkən isə evlərdəki bütün əşyaları aparmışdılar.
Bugünkü mənzərə isə tam fərqlidir. Kəlbəcərin siması tamamilə dəyişib. Burada genişmiqyaslı yaşayış kompleksləri yaradılıb, yollar ən yüksək səviyyədə çəkilib. Artıq müasir yollar, yaşayış binaları, komplekslər inşa olunub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yaxın vaxtlarda burada müasir məktəb də istifadəyə veriləcək. Binaların tikintisinə və quruluşuna baxanda aydın görünür ki, Prezident İlham Əliyevin də dediyi kimi, işğaldan azad olunan ərazilərdə ən müasir memarlıq nümunələri reallaşdırılır. Bütün bu işlər ən qısa müddətdə həyata keçirilib".
Deputat əlavə edib ki, Prezidentin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevrilməkdədir:
"Bu layihələr eyni zamanda gələcəkdə Kəlbəcərin Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir. Yəni Kəlbəcər insanların ən çox ziyarət etdiyi, vaxt keçirməyi arzuladığı məkanlardan biri olacaq və Azərbaycan xəritəsində, coğrafiyasında, tarixində xüsusi yer tutacaq".