Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Buna heç kimin şübhəsi olmasın!
Qarabağ və Şərqi Zəngəzurun adları artıq dağıntılar, müharibə xatirələri ilə deyil, inkişaf, quruculuq və gələcəyə olan böyük ümidlərlə hallanır. Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin ən önəmli prioritetlərindən biri olmaqla yanaşı, xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür. Uzun illər işğal altında qalan və dağıntılarla üzləşən bu torpaqlar indi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı yenidənqurma layihələri nəticəsində sürətlə dirçəlir, yeni həyatla nəfəs alır. Bu proses yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası və dünya miqyasında təbliği ilə birgə gedir. Azad edilmiş ərazilərə təkcə bu ilin iyulunda 500 mindən çox insanın səfər etməsi adi bir rəqəm deyil. Bu, son dərəcə mühüm göstəricidir. Həmin yarım milyon insan arasında yalnız yerli sakinlər və Vətənə qayıdan ailələr yox, həm də müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də digər xarici qonaqlar yer alır. Bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir. İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının, sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır. Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiya mühiti regiona daxili və xarici investorların marağını artırır. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahın yüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı da bölgə iqtisadiyyatına ciddi təkan verir.
Cari ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün məhz Xankəndi şəhərində keçirilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və dirçəliş prosesinin real göstəricisidir. Bu Zirvə görüşü regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi imkanların birgə istifadəsi və qarşılıqlı inkişaf üçün platforma yaratmaq məqsədi daşıyır. Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrini, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və postmünaqişə dövründə göstərilən siyasi iradəni əsaslandırılmış faktlarla diqqətə çatdırdı. Azərbaycanın ekoloji təşəbbüsləri, sərmayə cəlbediciliyi, enerji təhlükəsizliyinə verdiyi töhfələr və nəqliyyat dəhlizləri sahəsindəki rolu da çıxışda xüsusi vurğulandı. Bütün bu məqamlar, həmçinin Azərbaycanın bölgədə sabitliyin, davamlı inkişafın və konstruktiv əməkdaşlığın təminatçısı kimi qətiyyətli mövqeyinin daha bir təzahürüdür.
Şuşa şəhərində keçirilən 3-cü Qlobal Media Forumu Azərbaycanın mədəniyyət paytaxtının artan beynəlxalq nüfuzunu bir daha təsdiqləyir. Forum təkcə media nümayəndələrini bir araya gətirən platforma deyil, həm də Qarabağın zəngin tarixinin, mədəni irsinin və incəsənət ənənələrinin dünya ictimaiyyətinə təqdim olunduğu mühüm hadisədir. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş media təmsilçiləri, ekspertlər və jurnalistlər Qarabağ reallıqları ilə yerində tanış olmaq imkanı qazandı, regionun dirçəliş prosesini öz gözləri ilə gördülər. Forum, eyni zamanda, mədəniyyətlərarası dialoq və beynəlxalq əməkdaşlıq üçün yeni körpülər qurur. Burada səslənən fikirlər, edilən təqdimatlar və aparılan qarşılıqlı fikir mübadilələri Azərbaycanın mədəni diplomatiya sahəsində qazandığı uğurların nümayişidir. Bu tədbir bir daha göstərir ki, Şuşa təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mədəni, siyasi və mənəvi dəyər daşıyan unikal məkandır. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söylədi ki, Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır. Dövlət başçısı qeyd etdi ki, buraya qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq: "Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə artıq təmin edilib. Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub.
Dövlətimizin başçısı deyib ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Dünən Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. “Böyük Qayıdış” Proqramının artıq reallaşdırıldığını xatırladan Prezident bildirib ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq. Qarabağ, Şərqi Zəngəzur dirçələcək. “Böyük Qayıdış”ın əvvəlində mən demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Burada öz gözlərimizlə görürük". Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun, həmçinin ECO-nun Zirvə toplantısı çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana, xüsusilə işğaldan azad edilmiş ərazilərə səfərləri ölkələrimiz arasında dostluğun, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmlənməsinin növbəti əyani təzahürüdür. Bu səfərlər regionda siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsi üçün yeni perspektivlər açır, Azərbaycanla bu ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində önəmli mərhələdir. Bütün bunlar bir daha sübut edir ki, işğaldan azad olunmuş ərazilər təkcə Azərbaycanın suveren və ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də ölkənin sosial-iqtisadi inkişafının, mədəni dirçəlişinin və regional sülhün təminatında əsas təməllərdən biridir. Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi layihələr, təşkil etdiyi beynəlxalq tədbirlər, eləcə də aparılan siyasi dialoq bütün regionun gələcək inkişafı üçün açar rolunu oynayır. Vaqif Poeziya Günlərinin növbəti dəfə Şuşada keçirilməsi isə milli mədəniyyətimizin dərin köklərini xatırladır və gələcək nəsillərə ötürür. Molla Pənah Vaqif kimi böyük Azərbaycan şairinin irsi vasitəsilə Azərbaycan xalqının milli ruhu, azadlıq və müstəqillik arzuları təcəssüm olunur. Bu mədəni tədbirlər işğaldan azad edilmiş torpaqlarda yalnız maddi deyil, mənəvi bərpanın da reallaşdığını göstərir. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir. Burada salınan hər yeni yol, tikilən hər məktəb, yaradılan hər iqtisadi zona Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa uzanan yolun bir hissəsidir. Bu torpaqlar artıq yalnız xatirələrin deyil, həm də yeni imkanların, innovasiyaların, sosial və iqtisadi dirçəlişin məkanıdır. Qarabağ və Şərqi Zəngəzurda qurulan hər bir infrastruktur obyektinin, sosial layihənin və mədəni tədbirin arxasında böyük bir ideya dayanır – bütün xalqın gücünü və birliyini əks etdirən yenidənqurma ruhu. İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız fiziki məkana qayıdış deyil, həm də milli kimliyimizin, tarixi ədalətin və dövlətimizin suverenliyinin möhtəşəm bir təntənəsidir. Bu təntənə gələcəyə olan inamın, əzmin və ümummilli birliyin parlaq ifadəsinə çevrilib. Bir məqamı da qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 milyon 773 min manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Cari ilin altı ay ərzində Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 3 milyon 644 min manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 1,3 faiz artım deməkdir. Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 13 faiz artaraq 129 min manat olub.
Millət vəkili Samir Vəliyev Sherg.az-a deyib ki, otuz ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır. Deputatın sözlərinə görə, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür:
"Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikildikdən, infrastruktur layihələri icra olunduqdan, yollar inşa edildikən, yeni istehsal müəssisələri yaradıldıqdan, yaşıllıqlar salındıqdan, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizləndikdən sonra keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarında məskunlaşmağa başlayıblar. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və “ağıllı şəhər” yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına, əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış müvəffəqiyyətlə baş tutur. Zəngilanın Ağalı kəndinə 2022-ci ildə başlanan köç prosesi azad olunmuş digər ərazilərdə də hazırda uğurla davam etdirilir. Otuz ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən artıq insan yaşayır".
Parlament üzvü vurğulayıb ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək:
"Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş məcburi köçkünlərin qayıdışı ilə məhdudlaşmır, həm də dünyanın diqqət mərkəzindədir. Şuşa və Xankəndi şəhərlərində nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Bütün bunlar isə çox qürurvericidir".