
Qarabağda həyat yenidən canlanır
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yurd yerlərimizdə Azərbaycan bayrağı ucalarda dalğalanır
Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı ölkənin tarixində və gələcək inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu proqram çərçivəsində azad edilmiş torpaqlarda məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıtması üçün genişmiqyaslı işlər aparılır.
“Böyük Qayıdış” təkcə insanlarımızın öz evlərinə dönməsi deyil, həm də bu bölgələrin sosial-iqtisadi, infrastruktur və mədəni baxımdan yenidən bərpası deməkdir. Hazırda azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu, elektrik və su təchizatı, məktəblər, tibb müəssisələri və digər mühüm obyektlərin tikintisi və bərpası sürətlə davam edir. Dövlət tərəfindən bu prosesə xüsusi diqqət göstərilir və böyük maliyyə vəsaitləri ayrılır. Böyük Qayıdış”la bağlı görülən işlər Azərbaycanın inkişaf strategiyasının mühüm hissəsini təşkil edir və ölkənin gələcəkdə daha da güclü, birləşmiş və rifah içində olan dövlət kimi formalaşmasına zəmin yaradır.
Yeri gəlmişkən, ötən həftə Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu Azərbaycanın müasir media çağırışları fonunda regional inkişaf və informasiya təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu mühüm platformaya çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı və iştirakçılarla dialoqu təkcə media müstəvisində deyil, həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı dirçəliş proqramlarının əhatəsini nümayiş etdirdi.
Prezident azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramının miqyasından danışaraq qeyd etdi ki, görülən işlərin həcmi sadəcə bir cavabla izah edilə bilməz. Regionun bərpası istiqamətində görülən genişmiqyaslı infrastruktur layihələri artıq konkret nəticələrini verir – enerji təminatı tam bərpa olunub, yollar, tunellər inşa edilib, ilk köç dalğaları artıq reallaşıb: “O ki qaldı “Böyük Qayıdış”a, bunu demək üçün gərək biz ayrıca panel təşkil edək və mən təkcə bir neçə saat bu suala cavab verim. Çünki doğrudan da, görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Hər şey göz önündədir. Qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun. Ağdam-Xankəndi-Şuşa yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti iki-üç ayda hazır olacaq. Böyük Qayıdış Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Cənab İlham Əliyev bu çağırışı etdi: “Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük”.
Hazırda da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb. Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 17 ailə - 62 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Onu da vurğulayaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Prezident İlham Əliyev çıxışında açıq şəkildə göstərdi ki, Azərbaycanın Qarabağda apardığı işlər, ilk növbədə, sistemli bir strateji iqtisadi bərpa aktıdır. Postkonflikt regionların inkişafı ilə bağlı dünya təcrübəsində – məsələn, Ruanda, Bosniya və ya Kosovoda – iqtisadi reinteqrasiya çox vaxt gecikmiş və dayanıqsız formada aparılmışdı. Azərbaycan isə bu prosesə “sabitlik, innovasiya və enerji bərpası” formatında start verərək, postkonflikt regionların iqtisadi yenidənqurulmasında müstəqil və intellektual yol seçib.
Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, "Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə Böyük Köçün həyata keçirilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli yaddaşımızın, kimliyimizin və əzəli torpaqlarımıza bağlılığımızın parlaq təcəssümüdür. Onun sözlərinə görə, bu insanların ata-baba yurdlarına qayıdışı və 30 illik ədalətsizliyə verilən cavab, milli ləyaqətin və ərazi bütövlüyünün bərpası deməkdir:

"Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məntəqələri, infrastruktur, məktəblər, xəstəxanalar və iş yerləri yaradılır. Bu proseslərin həyata keçirilməsi yaşayış mühitinin və eyni zamanda iqtisadi və sosial həyatın bərpasını təmin edir. Böyük Qayıdış xalqımızın iradəsinin, dövlətimizin gücünün və Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan heç bir zaman öz torpaqlarından, suveren hüquqlarından və milli maraqlarından vaz keçməyib və keçməyəcək. Qayıdışla birlikdə Qarabağda həyat yenidən canlanır, yurd yerlərimizdə Azərbaycan bayrağı əbədi dalğalanır".