Qeyd olunub ki, səfər çərçivəsində Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər. Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat verilib. Bəyan edilib ki, diaspor nümayəndələrinin Qarabağa 2-ci səfərində 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edib. Həmçinin, diqqətə çatdırılıb ki, Komitənin təşkilatçılığı ilə xarici jurnalistlərin və diaspor nümayəndələrinin Qarabağa səfərləri mütəmadi olaraq həyata keçiriləcək.
“Ötən ilin bu günü mənə deyilsəydi, gələn il Cıdır düzündə şəklin olacaq, deyərdim ki, heç yuxuma da girməz. Öncəliklə bütün bu işlərin memarı Tanrıdır. Ədalətsizliyin, haqsızlığın bir gün ortadan qalxacağı inancındaydım. Şübhəsiz ki, bu xoşbəxtliyi bəxş edən Vətən torpaqlarını qanları, canları ilə azad edən əsgərlərimiz, zabitlərimizdir. Şəhidlərimizin sayəsində Vətən torpağımız azad olub. O şəhidlər ki, biz onları 15 sentyabr 1918-də, 3-27 aprel 1920-də, 20 yanvar 1990-da, eləcə də 1988-1994-cü illərdə və ondan sonrakı atəşkəs illərində gördük. Azərbaycan xalqı hər cür işğala qarşı sayı 100 nəfər olanda da döyüşüb, 10 milyon olanda da. Tanrı şəhidlərimizi hər zaman ucaltsın, öz məqamında qorusun, qazilərimizə cansağlığı versin. Şübhəsiz ki, neçə illərdir bu həlledici qələbəyə hazırlaşan və zamanı gəldiyində həyata keçirən Ali Baş Komandanın və onun müzəffər zabitlərinin zəfərə aparan planı sayəsində bunlar gerçəkləşdi”.