Ermənistan parlamenti hökumətin 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatını təsdiqləyib. Sənəd 57 deputatın lehinə səsi ilə yekdilliklə qəbul olunub. Müxalifət fraksiyaları isə iclasda iştirak etməyiblər.
Sherg.az xəbər verir ki, 2025-ci ildə Ermənistan dövlət büdcəsinin gəlirləri 2 trilyon 886,5 milyard dram (təxminən 7,8 milyard dollar) təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 12 faiz çoxdur. Gəlirlər üzrə plan isə 12,3 faiz artıqlaması ilə yerinə yetirilib.
Məlumata görə, əsas vergi növləri üzrə daxilolmalarda artım qeydə alınıb. Əlavə dəyər vergisi (ƏDV) üzrə yığımlar 21 faiz, mənfəət vergisi üzrə təxminən 20 faiz, gəlir və aksiz vergiləri üzrə isə təxminən 12 faiz artıb.
Bununla yanaşı, 2025-ci ildə malların beynəlxalq təkrar satış həcmlərinin azalması səbəbindən gömrük rüsumlarından daxilolmalar 1,3 faiz azalıb. Kiçik və orta biznes üçün dövriyyə vergisi üzrə yığımlar isə 30 faiz artıb.
Büdcə xərcləri 3 trilyon 305 milyard dram (təxminən 8,9 milyard dollar) olub ki, bu da əvvəlki illə müqayisədə təxminən 12 faiz çoxdur. Lakin bu göstərici 2025-ci il üçün nəzərdə tutulan ilkin plandan 4,2 faiz aşağı olub. Buna əsas səbəb kimi kapital tikintisi layihələri üçün ayrılmış vəsaitlərin tam mənimsənilməməsi göstərilir.
Hesabata əsasən, sosial müdafiə sahəsinə 873,7 milyard dram (2,36 milyard dollar), müdafiəyə 678,8 milyard dram (1,84 milyard dollar), təhsilə 319,6 milyard dram (864 milyon dollar), səhiyyəyə isə 165,8 milyard dram (448 milyon dollar) vəsait ayrılıb.
2024-cü illə müqayisədə sosial müdafiə xərcləri 2,6 faiz, müdafiə xərcləri 23,6 faiz, təhsil xərcləri 38,4 faiz, səhiyyə xərcləri isə 7,1 faiz artıb.
Qeyd edək ki, büdcə göstəricilərində ən böyük artımlardan biri müdafiə sektorunda qeydə alınıb ki, bu da Ermənistanın təhlükəsizlik sahəsinə ayırdığı vəsaitin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.