“Güclü Ermənistan” blokunun lideri seçicilərə rüşvət iddialarını rədd edib
“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan seçicilərə rüşvət verilməsi ilə bağlı ittihamları rədd edib və tərəfdarlarına qarşı genişmiqyaslı həbslərin aparıldığını bildirib.
Sherg.az xəbər verir ki, Karapetyan erməni KİV-lərinə müsahibəsində qeyd edib ki, ümumilikdə onun siyasi qüvvəsi ilə əlaqəli təxminən 760 nəfər saxlanılıb, onlardan 103 nəfər həbs edilib.
Karapetyanın sözlərinə görə, 100-dən çox tərəfdarı hazırda həbsdədir, təxminən 100 nəfər isə başqa prosessual nəzarət tədbirləri altındadır.
Siyasətçi vurğulayıb ki, seçkiqabağı rüşvət paylanması iddiaları əsassızdır və belə hallarla əlaqəsi olan şəxslər partiya ilə bağlı deyil.
O həmçinin bildirib ki, hüquq-mühafizə orqanlarının yaydığı audioyazılar kontekstdən çıxarılmış hissələr kimi təqdim olunur və bu, ictimai rəyi yönləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, “Vətəndaş müqaviləsi” partiyası 64 mandatla birinci olub, “Güclü Ermənistan” bloku 29 mandat qazanıb.