Ermənistanın keçmiş baş naziri və parlamentin sabiq sədri Xosrov Arutyunyan hesab edir ki, parlamentə düşən müxalif qüvvələr mandatları qəbul etməzdən əvvəl hakimiyyətlə xüsusi memorandum imzalanmasına nail olmalıdırlar.
Sherg.az xəbər verir ki, onun sözlərinə görə, müxalifət hakimiyyətdən özləri üçün vacib hesab etdikləri qanunvericilik dəyişikliklərinin həyata keçirilməsini nəzərdə tutan razılaşma tələb etməlidir. Arutyunyan bildirib ki, yalnız bundan sonra parlamentdə təmsil olunmaq müxalifətə müəyyən təsir imkanları verə bilər.
Siyasətçi qeyd edib ki, hakimiyyət sonradan öhdəliklərini pozarsa, müxalifət mandatlardan imtina edə bilər. Əks halda, heç bir kompromis əldə olunmadan parlamentə daxil olmaq müxalifəti yenidən “hədəf taxtasına” çevirəcək.
Arutyunyan həmçinin vurğulayıb ki, hakim Vətəndaş Müqaviləsi Partiyası parlamentdə çoxluğa malik olsa da, Konstitusiyaya təkbaşına dəyişiklik etmək üçün zəruri olan konstitusion çoxluğa sahib deyil.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, “Vətəndaş Müqaviləsi” 49,7 faiz səslə 64 mandat qazanıb. Güclü Ermənistan Bloku 29, Ermənistan Bloku isə 12 mandat əldə edib. Müxalif qüvvələr seçkilərin nəticələri ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinə müraciət ediblər.