Parlamentari: Azərbaycan-İran əməkdaşlığının genişlənməsi qaçılmazdır

Prezidentin siyasi xətti bölgədə sabitlik yaradır

 “Güclü dövlət, güclü parlament və etibarlı tərəfdaşlıq inkişafın əsas formuludur”

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, İran və Azərbaycan ikitərəfli münasibətlərin inkişafı və çoxtərəfli platformalarda əməkdaşlığın möhkəmləndirilməsi üçün mövcud bütün potensialdan istifadə etmək əzmindədir. Onun sözlərinə görə, bu, regional sülh və sabitliyin qorunmasına xidmət edir. Bəqayi deyib ki, XİN başçısı A.Araqçi Bakıda ölkə prezidenti, xarici işlər naziri, Milli Məclisin sədri və baş nazirin müavini ilə çox səmərəli və məzmunlu görüşlər keçirib. "Mehr" agentliyinin materialında da qeyd olunub ki, İran və Azərbaycan nəqliyyat, maliyyə, energetika, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirə bilər. Agentliyin qiymətləndirməsinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi regionda sülh və sabitliyin möhkəmlənməsinə, həmçinin Cənubi Qafqaz regionunda və Xəzəryanı hövzədə strateji münasibətlərin inkişafına töhfə verə bilər: "İran və Azərbaycan nəqliyyat, energetika, ticarət, turizm, bank əməkdaşlığı, sərhədyanı sahələrdə, eləcə də təhlükəsizlik sahəsində terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı kimi yaranan təhdid və çağırışlara qarşı mübarizə üzrə fəaliyyətlərin koordinasiyası məsələlərində yaxşı tərəfdaş ola bilərlər". Eyni zamanda, bildirilib ki, A.Araqçinin səfəri Tehranın Bakı ilə münasibətləri möhkəmləndirmək istəyini nümayiş etdirir. "İki ölkə arasında yaxşı münasibətlər və sıx əməkdaşlıq üçün unikal imkanlar ictimaiyyətin bu səfərə dair gözləntilərini artırıb. Tərəflərin gələcəkdə daha geniş çoxtərəfli əməkdaşlığın davam etdirilməsi üçün məntiqi və hüquqi baza yarada biləcəkləri gözlənilir".

Qeyd edək ki, dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri Seyid Abbas Araqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərləri, eləcə də digər yüksəksəviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a deyib ki, dövlətlərarası münasibətlərin inkişafında siyasi iradə ilə yanaşı, qanunverici orqanların, parlamentlərin rolu danılmazdır. Onun sözlərinə görə, dekabrın 8-də Milli Məclisdə baş tutan görüş də məhz bu həqiqətin bariz nümunəsidir:

"Milli Məclisin sədri Sahibə Qafarovanın cənab Seyid Abbas Araqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüş, iki qonşu ölkə arasında mövcud əlaqələrin inkişaf istiqamətlərini və gələcək imkanlarını dəyərləndirmək üçün əhəmiyyətli bir müzakirə meydanı oldu. Sevindirici haldır ki, bu il ərzində həm dövlət başçıları səviyyəsində, həm də dövlət qurumları arasında həyata keçirilən qarşılıqlı səfərlər əlaqələrimizin intensivliyini artırıb. Görüş zamanı xüsusi vurğulandığı kimi, siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq gündəliyimiz olduqca zəngindir. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi beynəlxalq əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycan və İranın birgə fəaliyyəti regionun tranzit imkanlarını daha da artırır".

C.Məmmədov bildirib ki, parlament diplomatiyası bu gün dövlətlər arasında əlaqələrin qurulmasında və inkişafında mühüm rol oynayır:

"İstər ikitərəfli dostluq qrupları, istərsə də nüfuzlu beynəlxalq platformalar çərçivəsindəki birgə fəaliyyətimiz, diplomatik münasibətlərin daha da dərinləşməsinə zəmin yaradır. Cənab Pprezident İlham Əliyevin qəbulunda olduğu kimi, Milli Məclisdəki görüşdə də səmimi və konstruktiv mühitin hökm sürməsi, tərəflərin dialoqa və əməkdaşlığa verdiyi önəmin göstəricisidir. İnanıram ki, bu səfər və aparılan müzakirələr bölgəmizdə sülhün, sabitliyin və rifahın təmin olunmasına öz müsbət töhfəsini verəcək və inkişafımızı artıracaqdır. Unutmamalıyıq ki, dövlətlərarası inkişafın üç əsas formulu var. Güclü dövlət, güclü parlament və etibarlı tərəfdaşlıq. Bu gün Azərbaycan həm güclü dövlətdir, həm güclü parlamenti var, həm də həmişə etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, İran İslam Respublikası da bu prinsipləri özündə cəmləşdirən ölkələrdəndir. Buna görə də demək olar ki, iki ölkə arasında əməkdaşlığın və inkişafın daha da genişlənməsi qaçılmazdır. Şükürlər olsun ki, Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz davamlı tərəqqi yolundadır. Allahdan diləyimiz odur ki, dövlət başçımızı daim qorusun və ölkəmizi daha da qüdrətli etsin".