Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə tətbiq olunan ərzaq embarqosunun müddətini 2028-ci ilin sonunadək uzadıb.

APA xəbər verir ki, müvafiq fərman Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənədə əsasən, Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2014-cü il avqustun 6-da qəbul edilmiş fərmanla nəzərdə tutulan xüsusi iqtisadi tədbirlərin müddəti 2027-ci il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək uzadılıb.

Rusiya hökumətinə fərmanın icrası üçün zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti zərurət yaranacağı təqdirdə məhdudiyyətlərin qüvvədə olma müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər də təqdim edə bilər.