Doktor: Ümumi dünya çapında qripə və digər respirator viruslara yoluxmalar artıb

"Hazırda Azərbaycanda mövsümi qriplə yanaşı digər kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma hallarına rast gəlinir".
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, soyuq aylarda hər il olduğu kimi, bu il də, xüsusən yanvar-fevral aylarında qripə yoluxma hallarının digər respirator virus infeksiyalarını üstələdiyi müşahidə edilir:
"Respirator viruslarla payız-qış fəsillərində əhalinin ümumi xəstələnmə səviyyəsi əvvəlki illərdən fərqlənmir".
"Tək-tək hallarda yeni koronavirus infeksiyasına da rast gəlinir. İnsan metapnevmovirusuna yoluxma halının isə rəsmi təsdiqi yoxdur", - deyə o bildirib.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, tək Azərbaycanda deyil, ümumi dünya çapında qripə və digər respirator viruslara yoluxmaların artdığını müşahidə edirik:
“Çünki günəş şüalarının intensivliyinin azalması, havanın nəmliyinin çoxalması, atmosfer təzyiqinin artması, birbaşa insanın sağlamlığına təsir edən faktorlardandır. Digər tərəfdən qışda pəncərə qapı bağlı olur. Sutkanın çox hissəsi qapalı mühitlərdə keçirilir. Açıq havada tam az oluruq və yaxud otağın havasını dəyişən zaman biz pəncərələri aça bilirik. Digər vaxt hava soyuq olduğu üçün istiliyin kənara çıxmamasına görə qapılar bağlı olur. Bu baxımdan virusa yoluxma sürətlənir. Çünki virus hava damcı yolu ilə yoluxur. İnsanlar eyni mühitdə qapalı şəraitdə daha çox olurlar. Bir insanda xəstəlik olanda digərinə yoluxur. Metro, avtobus, ümumiyyətlə əhalinin sıx olduğu alış veriş mərkəzlərində daha çox yoluxma olur. Bu baxımdan insanlar özündə xəstəlik hallarının olduğunu hiss etdikdə ətrafa yoluxdurmamaq üçün maskalardan istifadə etməlidirlər. Həmçinin əllər tez-tez yuyulmalı, ev şəraitində pəncərələr açılaraq havanın dəyişdirilməli, bol tərəvəz və meyvələrdən istifadə olunmalı, moruq mürəbbəsi ilə gündəlik çay içilməlidir. Qırmızı moruğu təbabətdə təbii aspirin adlandırırlar”.