Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?

Barmaqları çıtlatmağın oynaq iltihabına səbəb olduğu fikri elmi araşdırmalarla təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, bu vərdişin artrit riskini artırdığına dair sübut yoxdur, lakin nadir hallarda və həddindən artıq güclə çırtlatmaq vətərlərə zərər verə bilər.

Sherg.az xəbər verir ki, “Habertürk”ün “HT Hayat” nəşrində dərc olunan məqalədə barmaq çıtlatmağın sağlamlığa təsiri araşdırılıb.

Revmatoloq Ceyson Libovitsin sözlərinə görə, barmaqlar çıtladıqda yaranan səs oynaqlardakı sinovial mayedə qaz qabarcıqlarının əmələ gəlməsi ilə əlaqədardır. Bu maye oynaqların hərəkətini asanlaşdırır və qığırdaqların qorunmasına kömək edir.

Ohayo Dövlət Universitetinin Veksner Tibb Mərkəzinin revmatoloqu İzeqbe Ehiorobonun sözlərinə görə, çıtlatmadan sonra həmin qabarcıqların yenidən yaranması təxminən 20 dəqiqə çəkə bilər. Buna görə də eyni barmağı dərhal təkrar çıtlatmaq mümkün olmur.

Barmaq çıtlatmaq artrit yaradırmı?

Mütəxəssislər uzun illər ərzində aparılan araşdırmalarda barmaq çıtlatmaqla artrit və oynaq zədələnmələri arasında əlaqə aşkar etməyiblər.

Məqalədə həkim Donald Anqerin öz üzərində apardığı təcrübə də xatırladılır. O, 50 ildən çox müddət ərzində sol əlindəki barmaqları gündə ən azı iki dəfə çıtladığını, sağ əlini isə müqayisə üçün istifadə etdiyini bildirib. Təcrübənin sonunda hər iki əlində artrit əlamətlərinin olmadığını və əllər arasında fərq yaranmadığını müşahidə edib.

Bununla belə, həkimlər barmaqları həddindən artıq güclə çırtlatmağın nadir hallarda vətərlərə zərər verə biləcəyini qeyd edirlər. Bəzi araşdırmalarda bu vərdiş əllərdə şişkinlik və tutma gücünün azalması ilə də əlaqələndirilib. Lakin belə halların geniş yayıldığına dair kifayət qədər sübut yoxdur.

Mütəxəssislər vurğulayırlar ki, barmaq çıtlatmağın oynaqlar üçün xüsusi sağlamlıq faydası da sübut edilməyib. Bu vərdiş bəzi insanlarda müvəqqəti rahatlıq yaratsa da, təkrarlanan hərəkətə çevrilə bilər.

Oynaq iltihabı nədən yaranır?

Artritin müxtəlif növləri var. Ən geniş yayılan formalardan biri osteoartritdir. Bu xəstəlik oynaqlarda qığırdaq toxumasının aşınması ilə əlaqədardır və ağrıya, hərəkət məhdudiyyətinə səbəb ola bilər.

Oynaq iltihabları autoimmun xəstəliklər, oynaqlarda kristalların toplanması, infeksiyalar, genetik amillər və digər səbəblərlə də yarana bilər.

Revmatoloq Nilancana Bozenin sözlərinə görə, artritin yaranmasında genetika, ətraf mühit və fiziki aktivlik kimi bir çox amil rol oynayır. Buna görə də xəstəliyin səbəbini yalnız bir amillə əlaqələndirmək düzgün deyil.