- Bu, dövlətimizin səhiyyə sisteminə verdiyi önəm və əhəmiyyətin göstəricisidir
Səhiyyə sisteminin inkişafı və bu sahədə çalışan mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Müasir dövrdə səhiyyə sahəsində yeni texnologiyaların tətbiqi, tibbi xidmətlərin yenilənməsi və peşəkar kadrların fəaliyyətinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanda səhiyyə sistemində həyata keçirilən islahatlar və tibb işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində atılan addımlar diqqət çəkir.
Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü də mühüm addımlardan biri kimi qiymətləndirilir. Prezident İlham Əliyevin təşəbbüsü müsbət qarşılaması və onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması məsələsinin daim gündəmdə olduğunu göstərir.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a səhiyyə sahəsində verilən qərarı təqdirəlayiq hal adlandırıb:
"Azərbaycanda səhiyyə sisteminin daim inkişaf etdirilməsi, bu sahədə çalışan insanların əməyinin qayğıda saxlanılması və aparılan islahatlar dövlətimizin hər zaman diqqətində olub. Səhiyyə sistemi elə bir sahədir ki, daim durmadan inkişaf edir, yenilənir. Bu yeniliklərə, təzə texnologiyalara, yeni sahələrin gətirdiyi aspektlərə, cəhətlərə hazır olmaq lazımdır. Ona görə də tibb işçilərinin Azərbaycanda sosial rifahının yüksəldilməsi istiqamətində dövlət rəhbərliyi müvafiq təşəbbüsləri irəli sürüb. Bu, dövlətimizin səhiyyə sisteminə verdiyi önəm və əhəmiyyətin göstəricisidir.
Hər il Azərbaycanda parlamentdə dövlət büdcəsinin layihəsini təsdiq edərkən orada səhiyyə xərcləri, bu sahəyə ayrılan vəsait gündəmdə olur, müzakirə edilir. Bu xərcləri proporsional şəkildə dövlətin ayırması gündəmdə olur, diqqət mərkəzində saxlanılır".
Parlamentari qeyd edib ki, Azərbaycan hazırda özünü Cənubi Qafqazda, Böyük Avrasiya regionunda orta güc kimi təqdim edirsə, səhiyyədə və bütün aspektlərdə inkişafa meyilli siyasət aparması təbii haldır:
"Səhiyyə də, bütövlükdə bir dövlətin, onun sisteminin ayrılmaz tərkib hissəsidir.
Güclü səhiyyə sistemi olan ölkələr həmişə, güclü insanları ilə, sağlam vətəndaşları ilə seçilir. Beləliklə dövlətin təməli də, əsasları da sağlam olur.
Dövlətin təklif etdiyi təşəbbüslər tibb, səhiyyə sahəsində ilk növbədə tibb işçilərinin, səhiyyə işçilərinin sosial halının yaxşılaşdırılmasından gedir. Bu, təqdirəlayiq hal hesab olunmalıdır, dəstəklənməlidir. Dövlətimizin qayğısı digər sahələrdə olduğu kimi, tibb, səhiyyə sahəsində də artacaq və hər zaman diqqətdə olacaq".